TBİLİSİ, 4 mart. TELEQRAF

Gürcüstanda çörəyin qiymətində artım gözlənilir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, sabahdan etibarən bəzi çörək növləri 5-10 tetri arasında bahalaşacaq.

Bəzi marketlər şəbəkəsi qiymət dəyişiklikləri ilə bağlı artıq məlumatlandırılıb. Qiymət dəyişikliyinin 11-16% aralığında olacağı gözlənilir.

Gürcüstanın Çörək Məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze bahalaşmanı bir sıra faktorlarla əlaqələndirib. O bildirib ki, son zamanlar buğda, maya, duz, qablaşdırma materiallarının qiyməti artıb. Assosiasiya rəhbəri qeyd edib ki, çörək istehsalçıları avtoparklarını da yeniləməli olublar, belə ki, Gürcüstana 2013-cü ilədək istehsal edilmiş avtomobillərin idxalı qadağan olunub.

Qeyd edək ki, Gürcüstan hökumətinin ötəngünkü qərarı ilə Rusiyadan idxal olunan una tətbiq olunan verginin müddəti bu ilin aprelin 1-dək uzadılıb. Qərara əsasən, 200 kq-dan çox buğda ununun idxalı zamanı vergi bir tona görə 250 laridən (152 AZN) 300 lariyə (183 AZN) qədər artırılıb. Bu qərardan sonra ölkədə çörəyin bahalaşması qaçılmaz olub.