BAKI, 25 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaponiyadan ölkə ərazisində yerləşən Amerika hərbi bazalarının saxlanılması xərclərini təxminən üç dəfə artırmağı tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” nəşri məlumat yayıb.
Vaşinqton növbəti beş il ərzində bu məqsədlə 4 trilyon yendən çox vəsait ayrılmasını istəyir.
Tokio isə ABŞ hərbi bazalarının saxlanılması üçün ayrılan illik vəsaiti təxminən 1,4 dəfə artıraraq 300 milyard yenə (1,9 milyard dollar) çatdırmağa hazırdır.
Tərəflər arasında danışıqlar yay aylarından davam edir. İlin sonunadək razılaşmanın əldə olunacağı gözlənilir.
Yaponiya 1978-ci ildən ölkə ərazisində yerləşən ABŞ hərbi bazalarının saxlanılması xərclərinin böyük hissəsini qarşılayır. Buraya kommunal xidmətlər, hərbi obyektlərin saxlanılması və həmin bazalarda çalışan Yaponiya vətəndaşlarının əməkhaqları daxildir. Müvafiq sazişə hər beş ildən bir yenidən baxılır.
Tokio, həmçinin Amerika hərbi obyektlərinin möhkəmləndirilməsi və potensial hücumlardan qorunması üçün onların bir hissəsinin yeraltına köçürülməsinə əlavə vəsait ayırmağa hazırdır.
Yaponiya hökumətində bu xərclərin yerli şirkətlərə və ölkə vətəndaşlarına yönəldilməsi səbəbindən daxili iqtisadi fəallığı stimullaşdıra biləcəyi düşünülür.
Bununla belə, Tokio hazırkı mərhələdə Vaşinqtonun tələb etdiyi məbləğin yarısından çoxunu ödəməyə hazır deyil.