BAKI, 23 noyabr. TELEQRAF
“Neftçi” Azərbaycan Premyer Liqasının XII turunda səfərdə “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edərək 27 xalla turnir cədvəlində vahid lider olub.
Şamaxı şəhər stadionunda keçirilən görüşdə “ağ-qaralar”ın iki qolunu vuran braziliyalı futbolçusu Qustavo Klisman Teleqraf-ın suallarını cavablandırıb.
– Şamaxıdan üç xalla qayıdırsınız. Oyunla bağlı təəssüratlarınız necədir?
– Bizim üçün uğurlu oyun oldu. Meydanın vəziyyəti bizə çox çətinlik yaratdı, istədiyimiz bəzi planları həyata keçirə bilmədik. Buna baxmayaraq, lazımi qolları vurduq. Təəssüf ki, oyunun sonlarına yaxın qapımızda qol gördük. Amma düşünürəm ki, komandamız yaxşı oyun nümayiş etdirdi və oyuna nəzarət etməyi bacardı. Ən əsası, üç xal qazandıq.
– İlk hissədə möhtəşəm qol vurdunuz. Bu qolu necə təsvir edərdiniz?
– Deyərdim ki, bəxtim gətirdi. Həmin anda cərimə meydançasına ötürmə etmək istəyirdim, amma top qapıya doğru istiqamət alıb tora daxil oldu. Bəzən bəxt də bizim tərəfimizdə olmalıdır.
– Demək olar ki, hər dəfə maraqlı qollar vurursunuz. Bunun üzərində xüsusi çalışırsınız?
– Xeyr, deməzdim. Düşünürəm ki, qollar təbii şəkildə gəlməlidir. Əlbəttə, həftə ərzində məşqlərdə qapıya zərbələr və hücumların tamamlanması üzərində işləyirik. Ancaq oyun zamanı əsas məsələ lazımi anda lazımi yerdə olmaqdır. Bu gün də oyunun gedişində bunu bacardım və qollarımı vurdum.
– Sizcə, “Neftçi”də indiyədək ən yaxşı qolunuzu vurmusunuz, yoxsa gözləyək?
– Əsas məqsəd fərqlənməkdir, bunun gözəl və ya sadə olmasının fərqi yoxdur. Hər oyunda qol vurmağa və komandama faydalı olmağa çalışıram. Amma indiyədək vurduğum qollar arasında ən gözəlinin V turda “İmişli” ilə oyunda (3:2) akrobatik zərbə ilə vurduğum qol olduğunu düşünürəm.
– Bir neçə ay öncə komandaya qoşulsanız da, “Neftçi”yə tez adaptasiya oldunuz. Burada uzun müddət qalmağı düşünürsünüz?
– Bəli, adaptasiya prosesim çox sürətli oldu. Çünki klubda bizə lazım olan bütün şərait yaradılıb. Bu da komandaya daha tez uyğunlaşmağımıza kömək edir. Həmçinin burada daim yanımda olan, mənə kömək edən və dəstək göstərən dostlarım var. “Neftçi”nin mənə nə vaxt ehtiyacı olsa, hər zaman əlimdən gələnin ən yaxşısını etməyə hazıram.
– Son vaxtlar uğurlu çıxışınızla diqqət çəkirsiniz və sizi istəyən klubların da sayı artır. Hətta qış fasiləsində komandadan ayrılmaq ehtimalınızın yüksək olduğu deyilir…
– İnanın ki, bütün diqqətim və fikrim “Neftçi”dədir. Mənim əsas məqsədim komandaya kömək etməkdir. Kənarda baş verənlər və başqa klubların marağı məni düşündürmür. Komandaya yenicə qoşulmuşam və burada olmaqdan çox məmnunam. Bu barədə danışmaq üçün hələ tezdir.
– Qış fasiləsində möhtəşəm bir təklif alsanız, yenə də “Neftçi”dən ayrılmağa "yox" deyəcəksiniz?
– “Neftçi” ilə müqaviləm var. Bütün diqqətim və fikrim bu komandadadır. “Neftçi”nin uğurları üçün sona qədər mübarizə aparacağam.
– “Neftçi” yenidən turnir cədvəlinin lideridir. Qış fasiləsinə lider kimi yollanacağınıza əminsinizmi?
– İlin sonuna qədər daha dörd oyunumuz var. Bütün qarşılaşmalarda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, maksimum xal toplayaq. Fasiləyə qış çempionu kimi yollanmaq istəyirik.