BAKI, 23 noyabr. TELEQRAF
Azərbaycan Premyer Liqasının XII turunda cari mövsümdə ilk dəfə meydan sahibi olan komandalardan heç biri qələbə qazanmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Hesabat turunda qonaq komandalar 6 oyunda 4 qələbə qazanıb və 2 heç-heçə edib. "İmişli" "Zirə" (2:2), "Kəpəz" isə "Qarabağ"la (0:0) qarşılaşmadan xalla ayrılıb. "Sumqayıt" "Sabah"a 1:5, "Şəfa" "Qəbələ"yə 0:2, "Şamaxı" "Turan Tovuz"a 0:2, "Araz-Naxçıvan" isə "Neftçi"yə 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, meydan sahiblərinin turu qələbəsiz başa vurması sonuncu dəfə ötən mövsümün II turunda qeydə alınıb. Həmin vaxt 6 qarşılaşmadan 1-i heç-heçə bitib, 5 görüşdə isə qonaqlar qalib gəlib.