BAKI, 23 noyabr. TELEQRAF
Ələt Azad İqtisadi Zonasında məlumat mərkəzinin (data mərkəzi) yaradılması üçün 11,5 hektar ərazi ayrılıb. Layihənin xarici investorlarla birgə həyata keçirilməsi nəzərdə tutulur və yaxın bir-iki ay ərzində məlumat mərkəzinin layihələndirilərək tikintisinə başlanılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, paralel olaraq daha iki məlumat mərkəzinin yaradılması istiqamətində də işlər aparılır:
“Artan tələbat nəzərə alınaraq, ağır sənaye müəssisələrinin yerləşdirilməsi üçün ayrılmış 366 hektar ərazinin baş planı hazırlanıb və burada daxili infrastrukturun qurulmasına başlanılıb.
Həmin ərazidə Çin şirkəti tərəfindən neft koksunun emalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Gələcəkdə müəssisədə təkcə neft koksunun emalı deyil, həm də alüminium sənayesində istifadə olunan koks anodlarının istehsalı təmin ediləcək. Bununla da Azərbaycanda alüminium sənayesinin genişləndirilməsi üçün zəmin yaradılacaq”.