BAKI, 14 noyabr. TELEQRAF

Ötən ay Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanan yunan-Roma güləşçimiz Eldəniz Əzizli karyerasında beşinci dəfə mundialın qalibi olub. Daha əvvəl 2018, 2022, 2023 və 2024-cü illərdə də fəxri kürsünün ən yüksək pilləsinə qalxan 34 yaşlı idmançı dünya çempionatlarında ən çox qızıl medal qazanan Azərbaycan güləşçisidir.

“Neftçi” İdman Klubunun üzvü karyerası ərzində 5 dünya və 2 Avropa çempionluğu daxil olmaqla, beynəlxalq turnirlərdə ümumilikdə 17 qızıl, 4 gümüş və 14 bürünc medal qazanıb. 2023-cü ildə Serbiyanın Belqrad şəhərində üçüncü dəfə dünya çempionu olduqdan sonra Prezidentin fərdi təqaüdünə layiq görülən güləşçi həm də idmançı ailəsində böyüyüb. Belə ki, E.Əzizlinin dayısı Azərbaycan futbolunda tanınmış, millimizin veteran futbolçusu və sabiq məşqçisi Şahin Diniyevdir.

Teleqraf Eldəniz Əzizlinin evinə qonaq gedərək həm özü, həm də anası Xatirə Əzizli ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

— Qazaxıstanda keçirilən dünya çempionatında karyeranızda beşinci dəfə qızıl medal qazandınız. Əvvəlcə, təəssüratlarınızı öyrənmək istərdik.

— Xoş gəlmisiniz, təşəkkür edirəm. Həmişə dediyim bir söz var: biz aysberqin görünən tərəfiyik, sizlər isə digər tərəfi. Bizi çəkir, xalqa təqdim edir, göstərirsiniz.

Bildiyiniz kimi, ilin ən mötəbər yarışı dünya çempionatı idi. Milli komanda olaraq qarşımıza qoyduğumuz əsas hədəf dünya çempionu olmaq idi. Komanda hesabında ikinci yeri tutduq. Fərdi çıxışımda isə beşinci dəfə dünya çempionu olaraq Azərbaycan güləş tarixində yeni bir səhifə açdım. Bilirsiniz ki, üç dəfə dünya çempionu olan sərbəst güləşçimiz Hacı Əliyevdir. Yunan-Roma güləşində isə mən dörd dəfə dünya çempionu idim, beşinci dəfə bu zirvəyə yüksəlməklə öz rekordumu yenilədim.

Həqiqətən çox xoş hisslərdir. Biz bir il boyunca bunun üçün çalışdıq, hazırlaşdıq. Allaha həmd olsun, ilin sonunda istədiyimiz nəticəni qazandıq. Buna görə həm öz adıma, həm də bütün komanda yoldaşlarımın adına çox sevinirəm. Üstəlik, Sənan Süleymanov da 15 ildən sonra olimpiya çəkisində qızıl medala sahib oldu. Komandamızın dünyanın güclü ölkələri arasında ikinci yerə çıxması Azərbaycan idmanının və güləşinin yüksək nüfuzundan xəbər verir.

— Bu il Avropa çempionatına qatılmadınız. Bütün hazırlığı məhz dünya çempionatına yönəltmişdiniz?

— Bəli. İldə iki mötəbər yarış olur — Avropa və dünya çempionatları. Amma mən bu il Avropa çempionatında güləşmədim. Çünki düşünürəm ki, il ərzində yalnız bir dəfə tam forma yığmaq olur. Artıq 34 yaşım var, güləş üçün bu, müəyyən mənada böyük yaş sayılır. Ona görə də məşqçilər korpusunun və federasiya rəhbərliyinin qərarı ilə bütün gücümü ilin ən əsas yarışına — dünya çempionatına yönəltdim. Demək olar ki, il ərzində tək bir yarışda güləşdim və onu da qızıl medalla tamamladım.

— Bu mundiala yollanmazdan əvvəl özünüzə verdiyiniz xüsusi bir söz var idimi? Beşinci dəfə fəxri kürsünün zirvəsində dayanarkən hansı hissləri yaşadınız?

— Ümumiyyətlə, bu yarışa hazırlaşmaq mənim üçün heç də asan olmadı. Güləş onsuz da ağır idman növüdür, Azərbaycanda isə rəqabət daha sərt və çətindir. Lakin bu dəfə mənim üçün ən çətin olan psixoloji hazırlıq dövrü keçmək idi. Yaşımın çox olması, ötənilki məğlubiyyətim və kənardan gələn təzyiqlər var idi: "Artıq bitirmək, gənclərə yol vermək vaxtıdır, 34 yaşda kifayətdir" və s. Amma mən inanırdım ki, hələ də güləşə bilərəm.

Fiziki hazırlıqda məşq edib yorulursan, dincəlirsən və ya zədəni bərpa edirsən. Amma psixoloji gərginlik idmanda daha çətindir. Fəxri kürsüdə durub himnimizi səsləndirəndə, beşinci dəfə dünya çempionu olduğumu dərk edəndə il ərzində çəkdiyim əziyyətlər, özümə verdiyim sözlər bir anlıq gözümün qarşısından keçdi və kövrəldim.

Beşqat dünya çempionu olmaq təkcə Azərbaycan güləş tarixində deyil, dünya güləş tarixində də nadir hadisələrdəndir. Yunan-Roma güləşində dünyada cəmi beş-altı idmançı beş və ya daha çox dəfə dünya çempionu olub. Adımın həmin siyahıya düşməsi mənim üçün böyük qürurdur. Uşaq vaxtı necə ki gürcüləri, İran idmançılarını, digər böyük çempionları izləyərək bu yola gəlmişdimsə, indi mənim adımın da həmin səviyyədə hallanması qürurvericidir. Bütün bu hissləri himnimiz səslənən həmin bir anda yaşadıqca kövrəlməyə bilməzdim.

— Dünya çempionluğundan sonra sizi ilk təbrik edən idmançılar kimlər oldu?

— Demək olar ki, idmançıların hamısı ilə münasibətimiz yaxşıdır, güləş ailəsindən hamı təbrik etdi. Amma ümumilikdə idman sahəsindən məni təbrik edənlər çox oldu. Sözün açığı, ilk olaraq futbol cameəsindən Qurban Qurbanov zəng edib təbrik etdi. Bundan başqa, İlham Zəkiyev, Eduard Məmmədov, Rəşad Sadıqov, Ayxan Abbasov, həmçinin "Qarabağ"ın futbolçuları Şahruddin Məhəmmədəliyev və Bədavi Hüseynov da təbriklərini çatdırdılar. Hamısı ilə dostluq münasibətimiz var, hər zaman bizi izləyir və dəstək olurlar. İndi ağlıma gələn ilk adlar bunlardır, ola bilər yadımdan çıxanlar da olsun, üzrlü saysınlar.

— Bir idmançı olaraq, uşaqlıqdan kumiriniz kim olub?

— Həmişə iki kumirim olub. Biri Rövşən Bayramovdur. Hazırda yığma komandamızın məşqçisidir və dünya çempionatlarında həmişə mənimlə bərabər döşəyin kənarında çıxış edir. Rövşən Bayramov həm Avropa, həm dünya çempionudur, iki dəfə Olimpiya mükafatçısı olub. Uşaq yaşlarımdan onun güləş tərzini çox sevirdim. Dünya güləşində isə digər bir kumirim iranlı idmançı Həmid Soryandır. O, altıqat dünya çempionudur və ötən yarışda Qazaxıstanda zalda idi. Hər ikimiz 55 kiloqram çəki dərəcəsində güləşmişik. Hətta onunla rəqib də olmuşam.

— Artıq 28 ildir ki, güləşlə məşğulsunuz, altı yaşınızdan bu idmana gəlmisiniz və bu gün 34 yaşında beşinci dəfə dünya çempionu olursunuz. O illərə qayıtsaq, hər şey necə başlandı?

— Mən güləşə 1999-cu ildə Beyləqan rayonunda başlamışam. Mehdi Hüseynzadə adına 3 saylı tam orta məktəbdə oxuyurdum. Məktəbimizin yanında güləş zalı açılmışdı, həmin vaxt bizdən böyük uşaqlar ora gedirdilər. Mən də hər tənəffüsdə gedib baxırdım, çox xoşuma gəlirdi. Bir gün evdən xəbərsiz güləşə getdim. Anam oxumağımı istəyirdi deyə əvvəlcə razı olmadı, dedi ki, təhsilə önəm vermək lazımdır. Sonradan atama dedim, o məni məşqə yazdırdı və beləliklə, güləş karyeram başladı.

Söhbətin bu yerində anası Xatirə xanım övladının güləşə başladığı illəri və o dövrdə yaşananları xatırlayır...

— İlk növbədə mən də sizi salamlayıram, xoş gəlmisiniz. Mənim iki övladım var, bir qız, bir oğlan. İdmanla məşğul olan Eldənizdir, uşaq yaşlarından güləşə həvəs göstərirdi. Düzdür, özünün də dediyi kimi, mən əvvəllər bununla razılaşmırdım, atası ilə də bu səbəbdən aramızda mübahisələr olurdu. İstəyirdim ki, ali təhsil alsın. Azərbaycandakı yarışlarda qalib gəlib çempion olana qədər onun güləşlə məşğul olmasını istəmirdim. Sonradan gördüm ki, onda bu sahəyə qarşı sönməyən bir həvəs var, artıq müdaxilə etməməyə başladım. Çox aktiv uşaq idi.

— Hər bir ananın övladı üçün fərqli arzuları olur. Eldənizi hansı peşədə görürdünüz?

— Mən onu həmişə müəllimlik peşəsində görmək istəmişəm. Hələ körpə vaxtından arzum bu idi ki, təhsilli olsun, müəllim kimi yetişsin. Amma sonradan öz istəyi üstün gəldi deyə razılıq verdim. Qardaşım Şahin Diniyev də istəyirdi ki, futbola yönəlsin, bu istiqamətdə məsləhətlər verirdi. Amma Eldənizin seçimi qəti şəkildə güləş oldu. İndi başa düşürəm ki, Eldəniz hansı sahəni seçsəydi, yenə də ən yaxşı nəticəni verə bilərdi. Çünki o, hər şeyə qadirdir. Eldənizdə insani keyfiyyətlər çoxdur; bütün analara məhz onun kimi övlad arzulayıram. O, həm layiqli oğul, həm qardaş, həm ata, həm də həyat yoldaşıdır. Hərtərəfli insandır.

— Övladınızın Prezident İlham Əliyev tərəfindən qəbul olunması, dövlət başçısının ona diqqəti bir ana kimi sizə hansı hissləri yaşadır?

— Qürur hissidir! Vallah, ölkə başçısının mənim oğlumu və bütün komandanı qəbul etməsi bir ana olaraq bizim üçün böyük fəxrdir.

— Beş dəfə dünya çempionu olmaq böyük nailiyyətdir. Bir ana kimi Eldənizdən gözləntiniz nə olub?

— İnanın ki, mənim ən böyük gözləntim elə onun beşinci dəfə dünya çempionu olması idi. Çünki çəkdiyi əziyyətləri evdə görürdük. O illərin yorğunluğunu, aclığını, susuzluğunu... Düzü, hətta dördüncü çempionluqdan sonra ana kimi istəyirdim ki, artıq karyerasını tamamlasın. Amma özünün böyük həvəsi var idi deyə biz də qarşı çıxmadıq. Onun atdığı hər bir addım, qazandığı hər bir uğur mənim üçün ən böyük sevincdir.

— Yarışlar zamanı Eldənizi zaldan dəstəkləyirsiniz, yoxsa görüşlərini evdən izləyirsiniz?

— Xeyr, dəstəkləməmişəm. Ümumiyyətlə, evdə televizorda da baxa bilmirəm. Eldənizin heç bir görüşünə baxmıram. Əvvəllər bir neçə dəfə baxmışdım, amma son dünya və Avropa çempionatlarının heç birinə baxmamışam. Bircə əlimdən gələn odur ki, Eldəniz döşək üzərinə çıxanda səcdəyə gedib dualar edirəm. Yarış qurtarıb mənə xəbər gələnə qədər səcdədən qalxmaram. Sonuncu dünya çempionatında da vaxt bir az uzandı, xəbər gəlməyincə başımı səcdədən qaldırmadım, həmişə dua etdim.

— Eldəniz bəy, ananız bildirdi ki, dayınız Şahin Diniyev sizin futbolçu olmağınızı istəyib. Güləşçi olmasaydınız, özünüzü hansı idman növündə görərdiniz?

— Sözün açığı, mən futbolu çox sevirəm. Qeyd etdiyiniz kimi, dayım Şahin Diniyev və oğlanları Kərimlə Coşqun həyatlarını futbola bağlayıblar. Biz ümumiyyətlə futbol ailəsiyik; özümdən əvvəl dayımı, dayım oğlunu görmüşəm. Amma güləşə xüsusi rəğbətim var idi. Düşünürdüm ki, güləş o zamanlar mənim üçün hər şey idi və indi də fikirləşirəm ki, düzgün qərar vermişəm.

Fərdi idman növü elədir ki, qələbə də, uğursuzluq da birbaşa sənin adınla bağlı olur. Amma futbolda komanda amili vacibdir, təkcə sənin istəməyin kifayət deyil. Yenə də futbolu çox sevirəm, boş vaxtlarımda oynamağa və izləməyə üstünlük verirəm. Şahin Diniyev faktoru özü də futbola gəlmək üçün böyük stimuldur. Əgər güləşçi olmasaydım, yəqin ki, ya futbol, ya da cüdo ilə məşğul olardım. Amma futbol hər zaman daha çox sevdiyim idman növü olub.

— Bildiyimiz qədərilə, oğlunuzun da futbola böyük marağı var...

— Bəli. Son zamanlara qədər o da mənim kimi çempion olmaq, güləşlə məşğul olmaq istəyirdi. "Qarabağ" azarkeşidir, əynindən formasını düşürmür. Altı yaşı var, hələ ki yaşı kiçik olduğu üçün həvəskar səviyyədədir. Ömər futbol oynamağı çox sevir. Yarışdan gələndən sonra boş zamanlarımızda ata-bala gedirik futbol oynamağa. Hələ ki uşaqdır deyə hər şeyi yoxlayırıq — futbol, güləş... Sonda potensialı hansı istiqamətə uyğun gəlsə, yəqin ki, o cür də davam edər.

— Eldəniz bəy, maraqlıdır, niyə sərbəst güləş yox, məhz yunan-Roma?

— O zamanlar biz yunan-Roma ilə sərbəst güləşi elə də fərqləndirə bilmirdik, çünki çox kiçik yaşlarımda başlamışdım. İlk olaraq elə sərbəst güləşə başlamışdım — həmin o məktəbin yanındakı zalda. Sonra atamın xalası oğlu Kamil Fərzəliyev (həm də mənim ilk məşqçimdir, səkkiz il ilk təməllərimi məhz o qoyub) yeni bir zal açdı. Məsləhət oldu ki, həmin zala gedim və orada yunan-Roma güləşi ilə davam edim. O vaxt nə biz bu incəlikləri başa düşəcək yaşda idik, nə də valideynlərim güləşi dərindən bilirdilər. Sadəcə, təsadüf nəticəsində həmin yunan-Roma güləşi zalı açıldı və mən də bu növ üzrə davam elədim.

— Bəs Bakıya nə zaman gəldiniz?

— Güləşə başladıqdan sonra təxminən yeddi-səkkiz il kənd, rayon, zona birinciliklərində iştirak etdim. Nəhayət, 2007-ci ildə yeniyetmələr arasında Azərbaycan çempionatı keçirildi. Güləş Federasiyasının qaydalarına əsasən, həmin çempionatda ilk üçlüyə düşən idmançılar milli komandaya cəlb olunurdular. Mən də o yarışda ikinci oldum və milli komandaya dəvət aldım. Beləcə, 2007-ci ildən etibarən böyük güləş karyeram Bakıda davam etdi.

— Son dünya çempionatından sonra maraqlı bir məqama toxunmuşdunuz: yarımfinal və finalda məğlub etdiyiniz rəqiblər dünyaya gələndə siz artıq Avropa çempionu idiniz. Özünüzdən yaşca xeyli kiçik olan gənc rəqiblərlə mübarizə necə keçdi?

— Dünya çempionatında əsas rəqiblərim gürcü və iranlı idmançılar idi. Yarımfinalda məğlub etdiyim gürcü idmançı Vaxtanq Lolua 2025-ci ilin dünya çempionudur, finalda üstün gəldiyim iranlı Payam Əhmədi isə ötən il dünya çempionatında məğlub olduğum idmançıdır. Analiz aparanda bilirdik ki, ən çətin rəqiblər məhz onlardır. Həqiqətən də elə oldu; hər iki rəqibimin 19-20 yaşları var. Onlar dünyaya gələndə mən artıq Avropa çempionu idim.

Yəni onların yaşı qədər mənim güləş karyeram var, hətta daha çoxdur. Onlar 2006-2007-ci il təvəllüdlüdürlər, mən isə 1999-cu ildən güləşlə məşğulam. Maraqlı fakt odur ki, həmin uşaqların güləşə gəlmə səbəbi məhz mən olmuşam. Hər ikisinin idealı mən idim. Əsasən də gürcü idmançı həmişə deyir ki, "sən mənim idealım olmusan". Hətta onun otağında mənim güləş trikolarım asılıdır, deyir ki, otağa girəndə ilk səni görürəm. İndi isə onlarla xalçada rəqib oluruq. Yaşlarının az olmağına baxmayaraq, artıq böyüklər arasında dünya çempionudurlar, hər birinə uğurlar arzulayıram.

— Prezident İlham Əliyev sizi bir neçə dəfə qəbul edib. Həmin görüşləri necə xatırlayırsınız?

— Ölkə başçısı hər ilin sonunda idmançılarla görüş keçirir. Amma xüsusilə yaddaşımda qalan bir epizod var: səhv etmirəmsə, 2022 və ya 2023-cü illər idi, müharibədən təzə çıxmışdıq. Cənab Prezidentlə görüşümüz zamanı o, birdən mənim medallarımı ard-arda sıralamağa başladı. Ölkə başçısının məni fərdi şəkildə tanımağı, nailiyyətlərimi bir-bir xatırlaması mənim üçün böyük fəxr idi. Düşündüm ki, o qədər qlobal dövlət işlərinin içində cənab Prezidentin bizi qəbul etməsi, medallarımı dəqiq sayması təkcə mənim üçün deyil, bütün Azərbaycan gəncliyi üçün qürurvericidir.

Bundan başqa, bir dəfə Avropa çempionatında ikinci olub məyus qayıtmışdım. Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov bizimlə görüşdə ölkə başçısının sözlərini mənə çatdırdı: "Eldənizə deyin ki, o bizim əfsanəmizdir, fəxrimizdir, ikinci olmağı onu məyus etməsin". İndi də bunu xatırlayanda qəribə hisslər keçirirəm. Dövlət başçısının bizi birbaşa izləməsi və dəstəkləməsi hər bir idmançı üçün əvəzsiz stimuldur.

— Cənab Prezident sizə ev də hədiyyə etmişdi…

— Bizdə ənənə odur ki, ilin sonunda qazanılan nəticələrə əsasən 25-30 idmançımıza ev verilir. Mən də mənzilə layiq görüldüm. Həmçinin, cənab Prezidentin sərəncamı ilə fərdi təqaüdə layiq görülən ən gənc idmançılardan biriyəm. Əslində bu təqaüd 70-75 yaşdan sonra verilir, lakin cənab Prezident məni 31 yaşımda bu təqaüdə layiq gördü. Bu, Azərbaycanda hələ ki başqa gəncə verilməyən bir ilkdir və mənim üçün böyük qürur mənbəyidir.

— Beş dəfə dünya, iki dəfə Avropa çempionu olmusunuz, amma Olimpiadada iştirak etməmisiniz. Nəyisə Olimpiya çempionluğu tituluna qurban verərdinizmi?

— Yox, belə deyək, hər bir idmançı üçün idmanın zirvəsi həmişə Olimpiya Oyunları sayılır. Amma son iki Olimpiya Oyununa qədər bizim çəki dərəcəmiz (55 kq) olimpiya idman növlərinə daxil idi. Sonradan gender bərabərliyi prinsipinə əsasən bu çəki götürülərək xanımlara verildi. Məncə, bu, bir qədər də qismətdir. Bizim vəzifəmiz harada olur-olsun — istər Avropa, istər dünya çempionatında, istərsə də Olimpiya Oyunlarında dövlətimizi və millətimizi layiqincə təmsil etməkdir.

Təbii ki, içimdə Olimpiya Oyunlarında iştirak etmək, orada medal qazanmaq istəyi olub. Amma reallıq budursa, onunla razılaşmaq lazımdır. Mən həmişə realist insan olmuşam; real vəziyyəti qəbul edib çərçivə daxilində işləməyə çalışmışam. Əgər bu gün vəziyyət belədirsə, "əlhəmdülillah" deyib keçirəm və öz işimə baxıram.

— Ümumiyyətlə, çəki artırıb Olimpiadada iştirak etmək niyə alınmadı?

— Olimpiya Oyunlarına hazırlaşmaq çox çətin prosesdir, xüsusilə də çəki dəyişmək, yuxarı çəkiyə adaptasiya olmaq asan deyil. Bəziləri elə bilir ki, 55 kiloqramdan 60 kiloqrama keçib güləşmək sadə məsələdir. Amma peşəkar idmançılar bilər ki, söhbət sadəcə çəki yığmaqdan getmir; həmin çəkiyə uyğunlaşmaq xüsusi zəhmət tələb edir. 22-23 yaşlarında bunu etmək bəlkə də mümkündür, amma 30 yaşdan yuxarı iş ikiqat çətinləşir. Bir müddət 60 kiloqrama keçməyi düşünürdüm, amma sonda realist qərar verərək öz çəkimdə qalmağın və dünya, Avropa çempionatlarında mübarizə aparmağın daha uğurlu olacağını düşündüm. Hesab edirəm ki, yenə də düzgün seçim etmişəm. Yəqin ki, güləş karyeramı da məhz bu çəkidə bitirəcəyəm.

— Hər idmançının uğurunda məşqçilərin əvəzsiz rolu var. Sizin karyeranızda bu yolda kimlərin əməyi olub?

— Rayonda mənim ilk məşqçim Kamil müəllim olub və üzərimdə əməyi həqiqətən çox böyükdür. Hazırkı şəxsi məşqçim isə Turac Hüseynlidir. Turac müəllim həm də gənclərdən ibarət milli komandanın baş məşqçisidir. Son illərdə dünya və Avropa çempionatlarına hazırlıq prosesində, eləcə də psixoloji dəstəkdə onun böyük əməyi olub. Təbii ki, ən böyük təməl valideynlərimin olsa da, idmançı kimi formalaşmağımda məşqçilərimin rolu əvəzedilməzdir.

— Bir çox idmançılar qız övladlarını idmana qoymaq istəmirlər. Sizin iki qızınız var, onların gələcəyini necə görürsünüz?

— Bu, hər kəsin fərdi yanaşmasından asılıdır. Şəxsən mən qızlarımın güləşlə məşğul olmasına icazə vermərəm. Güləş bizim ata-baba idman növümüzdür, amma bu, xanımlara uyğun sahə deyil. Biz həmişə xanımlarımızı zərif görmüşük, güləş isə zərif idman növü sayılmır. Düzdür, son illərdə qızlarını bu idmana gətirən valideynlər də az deyil. Amma mən nəinki qızımın, heç oğlumun da peşəkar güləşçi olmasını istəməzdim, çünki bu yolun nə qədər ağır və çətin olduğunu öz başımdan bilirəm.

Oğlumu öz seçimində sərbəst buraxmışam, hələ ki kiçikdir — futbolla da, güləşlə də maraqlanır. Qızım isə hal-hazırda basketbola gedir. Ümumiyyətlə, həvəskar səviyyədə idmanla məşğul olmağı bütün gənclərə tövsiyə edirəm, amma peşəkar idman çox çətin həyat tərzidir. Şəxsi düşüncəmə görə, güləş xanımlar üçün həddindən artıq ağır idman növüdür.

— Karyeranızı bitirməyi düşünürsünüzmü? Hazırkı planlarınız necədir?

— Yəqin ki, bu suala ilin sonunda tam şəkildə nöqtə qoyacağıq. Əvvəlcə şəxsi məşqçimlə, daha sonra isə federasiya rəhbərliyi ilə müzakirə aparıb qərar verəcəyik. Hələlik isə tezdir, çünki yarış təzə bitib və hazırda ailəmlə birlikdə istirahət edirəm. İlin sonuna qədər qəti qərarımız məlum olacaq.

— Belə çıxır ki, karyeranızı məhz beşqat dünya çempionu kimi zirvədə başa vura bilərsiniz?

— Ola bilər ki, bəli, bu il yekunlaşdırım. Mənə elə gəlir ki, beş dəfə bu adı qazanmaq kifayətdir. Ümid edirəm ki, gələcəkdə idmançılarımız gəlib bu rekordu da təzələyərlər, amma hər halda beş dəfə dünya çempionu olmaq çox böyük nailiyyətdir.

— Karyeranızı bitirdikdən sonra məşqçiliklə məşğul olmaq istəyirsinizmi?

— Xeyr, məşqçilik düşünmürəm. 1999-cu ildən bəri güləşirəm və artıq çox yorğunam. Məşqçilik də azı idmançı olmaq qədər çətin və məsuliyyətli peşədir. Ona görə də hələlik məşqçi kimi fəaliyyət göstərmək istəmirəm. Amma idmanda, güləşdə necə təmsil olunacağım ilin sonuna yaxın — dekabr-yanvar aylarına doğru federasiya və Gənclər və İdman Nazirliyi ilə görüşlərdən sonra dəqiqləşəcək. Harda ehtiyac olarsa, əlimdən gələni edərəm. Güləşi tərk etmək mənim üçün çox çətindir, çünki ömrümün böyük hissəsini bu idmana həsr etmişəm. Karyeramı bitirsəm belə, hər zaman idmançılarımızın yanında olacağam.

— Xatirə xanım, bir idmançı anası və tanınmış idmançının bacısı olaraq bu yolda hansı çətinliklərlə üzləşmisiniz? Gələcəkdə övladını idmana qoymaq istəyən valideynlərə nə məsləhət görərdiniz?

— Valideynlərə məsləhət görərdim ki, uşaqların sağlamlığı üçün idman çox gözəl şeydir, övladlarını idmana qoysunlar. Əgər uşaqlarında həmin potensialı və gələcəyi görürlərsə, bu, ən doğru addımdır.

Ancaq bizim çətinliklərimiz də az olmayıb. Eldəniz çox evdə olmurdu; ailəsi, uşaqları onu görməkdə çətinlik çəkirdilər. Uşaqların uşaqlığının çox hissəsi daimi toplanışlarda, yarışlarda keçən atasız günlərlə yadda qaldı. Mənim üçün də çox çətin idi. Mən Eldənizlə nəfəs alıram, amma onu az-az görürdük. Uşaqlar atalarını görmədikləri üçün çox narahat olurdular, Eldəniz də məcburən öz yolunun, sənətinin dalınca gedirdi. Hər dəfə onun döşək üzərinə çıxması bizim üçün ən böyük həyəcan və narahatlıq idi. Amma şükürlər olsun ki, sonda qürurverici hisslər yaşadıq. Bir ana kimi Eldənizdən tamamilə razıyam.

— Eldəniz idmana başlayanda qohumlar və ya ətrafınız tərəfindən hər hansı etiraz oldumu?

— Xeyr, heç bir təzyiq olmurdu. Qohumlarımız da onun əzmini, istəyini gördükləri üçün heç vaxt müdaxilə etmədilər.

— Eldənizdən ilhamlanaraq ailədə növbəti dünya və ya Avropa çempionu olmaq istəyən gənclər varmı?

— Hazırda yoxdur, güləş aləmində bizim ətrafdan kimsə yoxdur. Nəvələrimin idmanda olmasını əvvəllər istəmirdim, indi də qalmışıq tərəddüddə — ya futbol, ya güləş deyirlər. Amma qızları atası dediyi kimi, mən də idmanda görməmişəm və istəmirəm.

— Şahin Diniyevin bacısı kimi müqayisə etsək: futbolçu bacısı olmaq çətindir, yoxsa güləşçi anası?

— Şahin futbola başlayanda atamın, anamın həyəcanını görürdüm, mənə qəribə gəlirdi. Atam hisslərini büruzə verən insan deyildi, anam isə narahat olanda "nə narahat olursan, bir topdur da, alıb düşüblər arxasınca" deyirdi. O vaxt mənə təəccüblü gəlirdi, çünki bu hissi hələ yaşamamışdım. Amma indi öz övladımda yaşayıram və əminliklə deyirəm ki, güləş futboldan qat-qat çətindir, həyəcanı daha çoxdur.

— Şahin müəllim bu gərgin anlarda sizə hansı məsləhətləri verirdi?

— Məni həmişə səbirli, təmkinli olmağa çağırırdı. Şahin həmişə dəstək olub, görürdü ki, çox narahatam. Bu axırıncı dünya çempionatında zəng vurdu, həyəcandan ağlamaqdan onunla belə danışa bilmədim, telefonda qoşulub birlikdə ağladıq. Şahin bir dayı və qardaş kimi həmişə Eldənizin arxasında olub, kömək edib.

— Eldəniz bəy, sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyevlə yaxın dostluğunuz var, birlikdə ustad dərsləri keçirsiniz. Bu dostluğun tarixçəsi necə başlayıb?

— Əlbəttə, biz Hacı Əliyevlə 2007-2008-ci illərdən bəri birlikdə yarışlara gedib-gəlirik, gəncliyimiz bir yerdə keçib. Hacı Azərbaycan idmanının ən sevilən və güclü simalarından biridir, hazırda məşqçilik fəaliyyətini davam etdirir. O, mənim idman dostlarım arasında hər zaman ilk sırada gəlir. Qazaxıstanda da gəlmişdi bizi dəstəkləməyə. Xətrini çox istədiyim, fəxr olunası idmançımızdır.

— Aranızda zarafatla sərbəst və yunan-Roma güləşinin müqayisəsi olurmu?

— Olur, arada zarafatla "sən sərbəst güləşdə olsaydın..." deyirik. O, öz növünün, mən də yunan-Romanın daha çətin olduğunu bildirib mübahisə edirik. Ümumiyyətlə, güləş həqiqətən çox ağır idman növüdür.

— Bəs sizcə, hansı daha çətindir?

— Məncə, yunan-Roma güləşi fiziki baxımdan çox ağırdır. Amma müasir dövrdə hər iki növün öz çətinlikləri var, dəqiq seçim etmək çətindir. İkisinin də yeri ayrıdır.

— Sosial şəbəkələrlə aranız necədir, çox vaxt ayırırsınızmı?

— Əsasən İnstaqramda varam, amma digər idmançılar kimi fəal deyiləm. Sosial şəbəkələrdən az istifadə etməyə çalışıram. Çünki bu platformalar müəyyən rahatlıq versə də, insanı mütaliədən uzaqlaşdırır. Özümə xüsusi proqram qoymuşam ki, vaxtımın çoxunu kitablara ayırım.

— İdmançının yarış zamanı rahat hiss etdiyi özünəməxsus zonası olur. Kimi musiqi dinləyir, kimi təkliyə üstünlük verir. Sizdə bu necədir?

— Mən özümü ən rahat kitab oxumaqla hiss edirəm. Mütəmadi olaraq, demək olar ki, hər gün mütaliə edirəm.

Gənclərə də mütləq mütaliə etməyi tövsiyə edirəm. İdman karyerası bitdikdən sonra hər bir idmançı cəmiyyətin bir üzvünə çevrilir. Ölkədə idmanla məşğul olan gənclərin sayı çox olduğundan gənclərimizi təhsilə, kitaba yönəltmək xalqımız, millətimiz və dövlətimiz üçün çox xeyirlidir.

— Hazırda hansı kitabı oxuyursunuz? Son oxuduğunuz əsər hansıdır?

— Hazırda Dostoyevskinin məşhur "Cinayət və cəza" əsərini oxuyuram. Bilirsiniz ki, Dostoyevskinin əsərlərini oxumaq çətindir, müəyyən bir sıralama ilə mütaliə etmək lazımdır. Bu gün nəhayət mən də Dostoyevskiyə çatdım.

Ondan əvvəl amerikalı yazıçı Devid İqlmenin "Beyin sənin hekayəndir" kitabını oxumuşdum. Çox möhtəşəm əsərdir. Daha əvvəl Hitler haqqında kitab, klassiklərdən sayılan "1984" və "Səfillər" romanlarını mütaliə etmişəm.

— Yarışlara gedərkən kitab oxumaq vərdişiniz necədir?

— Hara çıxıramsa, maşınımda və yol çantamda həmişə iki kitab olur. Biri daimi olaraq hər gün oxuduğum Quran, digəri isə həmin an mütaliə etdiyim kitabdır.

— Sonda gənc idmançılara, sizdən sonra gələn nəslə nə məsləhət görərdiniz?

— Universitetlərdə, məktəblərdə tələbələrlə tez-tez görüşürük. İdmanı seçən hər bir gəncimizə uğurlar arzulayıram. Əsas tövsiyəm intizamlı olmaqdır. Uğur qazanmağın əsas yolu motivasiyadan öncə intizamdır, çünki intizam hər bir uğurun başlıca səbəbidir.

İntizam o deməkdir ki, qarşıya məqsəd qoydunsa, o yolda bəzi şeylərdən imtina etməyi, onları qurban verməyi bacarmalısan. Elə gənclərimiz var ki, potensialı yüksəkdir, amma bir müddət sonra potensialı az olub intizamı güclü olan idmançılar onları keçirlər.

İlk növbədə işinizi sevin və fərqli olun. İdmançı təkcə döşək üzərində deyil, ondan kənarda da seçilməlidir. Gün ərzində 3-4 saat məşq edirsinizsə, qalan 20-21 saatı da əsl idmançı kimi yaşamalı, rejiminizi qorumalısınız.