BAKI, 14 noyabr. TELEQRAF
"Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqeyi, artan siyasi nüfuzu və qlobal proseslərdə fəal iştirakını şərtləndirən mühüm amillərdən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara əsaslanan, praqmatik və çoxşaxəli xarici siyasət kursudur. Bu siyasət ölkəmizin dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və ortaq maraqlara söykənən münasibətlər qurmasına, mövcud tərəfdaşlıqları yeni məzmunla zənginləşdirməsinə imkan yaradıb".
Bu sözləri Teleqraf-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərində xüsusi yer tutan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə əməkdaşlıq da bu siyasətin uğurlu nümunələrindəndir: “Uzun illər ərzində siyasi dialoq, enerji təhlükəsizliyi, iqtisadiyyat, investisiya, nəqliyyat və humanitar sahələrdə inkişaf edən ikitərəfli əlaqələr qarşılıqlı etimad və faydalı əməkdaşlıq əsasında formalaşmışıb.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə münasibətlərinin inkişafında mühüm hadisə olmaqla, əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyir.
Bəyannamə Azərbaycan ilə Birləşmiş Krallıq arasında uzun illər ərzində formalaşmış münasibətlərin məntiqi davamı olmaqla, 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə, eləcə də 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanır.
Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik münasibətlər 1992-ci il martın 11-də qurulmuşdur. Ümummilli Lider Heydər Əliyevin 1994 və 1998-ci illərdə Birləşmiş Krallığa rəsmi səfərləri, eləcə də 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin, xüsusilə enerji əməkdaşlığının inkişafına mühüm təkan verib. Sonrakı illərdə Prezident İlham Əliyevin səfərləri və yüksək səviyyəli siyasi dialoq münasibətləri daha da möhkəmləndirib, 2016-cı ildə Strateji Dialoq mexanizminin yaradılması əməkdaşlığın institusional əsaslarını gücləndirib”.

Komitə sədri hesab edir ki, Dublin şəhərində imzalanmış Birgə Bəyannamə mövcud siyasi və iqtisadi təcrübəni yeni strateji hədəflərlə tamamlayaraq əməkdaşlığın üç əsas istiqamətini - müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi artım, təhsil və innovasiyanı müəyyənləşdirir: “Sənəddə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin təsbit olunması xüsusi əhəmiyyət daşıyır. Bu müddəalar Azərbaycanın beynəlxalq münasibətlərdə ardıcıl müdafiə etdiyi fundamental prinsiplərlə tam uzlaşır.
Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Sülh Sammitinin Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması da diqqətəlayiqdir. Böyük Britaniyanın regionda davamlı sülhə nail olunması səylərinə dəstəyini bir daha təsdiqləməsi Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin beynəlxalq müstəvidə əhəmiyyətini nümayiş etdirir.
Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi Bəyannamənin mühüm istiqamətlərindəndir. Tərəflər regional sabitliyin dəstəklənməsi, ümumi təhdidlərin qarşısının alınması, müdafiə potensialının və qarşılıqlı fəaliyyət imkanlarının artırılması, təlim və təcrübə mübadiləsinin inkişaf etdirilməsi barədə razılığa gəlmişlər. Hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın, sərhəd idarəçiliyinin, məhkəmə və hüquqi əməkdaşlığın gücləndirilməsi də bu istiqamətdə nəzərdə tutulan prioritetlərdəndir.
Ticarət, investisiya və iqtisadi artım sahəsində müəyyənləşdirilən hədəflər isə iki ölkənin mövcud iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edir. Bərpaolunan enerji, infrastruktur, xidmətlər, maliyyə və kapital bazarları üzrə əməkdaşlığın genişləndirilməsi, biznes əlaqələrinin inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi yeni investisiya imkanları yarada bilər.
Bu baxımdan, Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat-logistika mərkəzi kimi artan rolu xüsusi əhəmiyyət kəsb edir. Bəyannamədə Orta Dəhlizin inkişafına dəstəyin ifadə olunması ölkəmizin regional və beynəlxalq bağlantıların genişləndirilməsindəki strateji mövqeyinin qəbul edildiyini göstərir. Nəqliyyat, logistika və infrastruktur layihələri üzrə əməkdaşlıq həm iqtisadi əlaqələrin şaxələndirilməsinə, həm də regionun tranzit imkanlarının genişlənməsinə töhfə verəcəkdir.
Enerji əməkdaşlığının yeni mərhələsi yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Sənəddə bərpaolunan enerji, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyaların inkişafına xüsusi yer ayrılması Azərbaycanın yaşıl enerji strategiyası ilə uzlaşır. Ölkəmizin külək və günəş enerjisi potensialı, xüsusilə Xəzər dənizində mövcud imkanlar bu sahədə Britaniya ilə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır”.
Deputatın sözlərinə görə, Bəyannamənin digər mühüm istiqaməti təhsil, elm və innovasiyadır: “Ali və peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, süni intellekt, rəqəmsal idarəetmə və yeni texnologiyalar sahəsində təcrübə mübadiləsi gələcək əməkdaşlığın prioritetləri kimi müəyyənləşdirilmişdir. Universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlığın təşviqi insan kapitalının inkişafına, innovativ iqtisadiyyatın formalaşmasına və yeni nəsil mütəxəssislərin hazırlanmasına mühüm töhfə verə bilər.
İnsanlararası əlaqələrin, mədəni mübadilələrin və peşəkar şəbəkələrin genişləndirilməsi də sənəddə xüsusi vurğulanır. Bu yanaşma dövlətlərarası münasibətlərin yalnız siyasi və iqtisadi razılaşmalarla deyil, xalqlar arasında qarşılıqlı anlaşma, etimad və dostluq əlaqələri ilə də möhkəmləndirilməsinin vacibliyini ifadə edir.
Bəyannamədə hər il Strateji Tərəfdaşlıq görüşünün keçirilməsinin nəzərdə tutulması isə müəyyənləşdirilmiş prioritetlərin həyata keçirilməsi, əldə olunan nəticələrin qiymətləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin razılaşdırılması baxımından mühüm mexanizm hesab olunur”.
Siyavuş Novruzov vurğulayıb ki, Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə çoxillik münasibətlərin yeni dövrün çağırışlarına uyğun olaraq daha geniş və çoxşaxəli müstəviyə keçidini təmin edən mühüm siyasi sənəddir:
“Müdafiə və təhlükəsizlikdən iqtisadiyyata, enerji və nəqliyyatdan təhsil və innovasiyaya qədər geniş sahələri əhatə edən bu tərəfdaşlıq iki ölkənin qarşılıqlı maraqlarının və uzunmüddətli əməkdaşlıq niyyətinin ifadəsidir.
Eyni zamanda, bu sənəd Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və praqmatik xarici siyasətin, Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin növbəti təsdiqidir. Azərbaycanın regional və qlobal proseslərdə artan rolu, enerji və nəqliyyat təhlükəsizliyinə verdiyi töhfələr, iqtisadi və texnoloji potensialı ölkəmizi beynəlxalq əməkdaşlığın mühüm iştirakçılarından birinə çevirmişdir.
Dublin şəhərində imzalanmış Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələnin başlanğıcı olmaqla, qarşılıqlı etimadın, siyasi iradənin və ortaq strateji maraqların təzahürüdür. Onun müddəalarının ardıcıl həyata keçirilməsi iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə, yeni layihələrin reallaşmasına və regionda davamlı sülhə, sabitliyə və tərəqqiyə töhfə verəcəkdir".