BAKI, 11 avqust. TELEQRAF
Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukrayna ərazisinə hava hücumu zamanı Şimali Koreya raketlərindən də istifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
“Gecədən etibarən Zaporojyedə Rusiyanın zərbələrinin nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir. Şəhərə Şimali Koreya ballistik raketləri, “Sirkon” raketləri və digər vasitələrlə zərbələr endirilib. Bu, mülki infrastruktura maksimum ziyan vurulması məqsədilə planlaşdırılmış amansız hücumdur. Təəssüf ki, hücum zamanı 6 nəfər ölüb, 19 nəfər yaralanıb”, - dövlət başçısı deyib.
Zelenski Rusiyanın hücum zamanı Kiyev, Xerson, Xarkov, Donetsk, Dnepropetrovsk və Nikolayev vilayətlərində də mülki infrastrukturu hədəfə aldığını açıqlayıb.
“Rusiyanın hər bir addımı - ballistik raketlərin istehsalının artırılması, Şimali Koreya vasitələrinin cəlb edilməsi, səfərbərliyə hazırlıq göstərir ki, Moskva sülhə deyil, eskalasiyaya hazırlaşır. Dünya indi reaksiya verməlidir, gözləmək lazım deyil. Rusiyanın müharibə üçün çalışan müəssisələrinə qarşı daha çox sanksiya təzyiqi, Ukraynaya hava hücumundan müdafiə vasitələri ilə daha çox yardım göstərilməsi sülhün şansının olması üçün lazımdır”, - Ukrayna lideri əlavə edib.