BAKI, 11 noyabr. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi sosial mediada ABŞ dövlət katibi Marko Rubionu iranlıların rifahını təmin etmək üçün Vaşinqtonun Tehrana Amerika tələblərini qəbul etməklə bağlı çağırışlarını pisləyib.

Teleqraf xəbər verir ki, İran xarici işlər nazirinə görə, belə bir siyasət Amerika strategiyasının uğursuzluğa düçar olmasına gətirib çıxarır.

Əraqçi Rubionun son açıqlamalarını səkkiz il əvvəl ABŞ-nin dövlət katibi Mayk Pompeonun verdiyi açıqlamalarla müqayisə edib.

İranın xarici işlər naziri bildirib ki, Vaşinqtonun Tehrana iqtisadi təzyiqi Kuba xalqına da zərər vuran səhv siyasi kursun təkrarıdır.

“Səkkiz il əvvəl Pompeo kimi bir cizgi filmi personajı iranlıların yemək tapmaq üçün Ağ Evin diktələrinə tabe olmalı olduqlarını bəyan edirdi. Bu gün kubalı həmvətənləri də eyni siyasətdən əziyyət çəkən Rubio bu cəfəngiyatı təkrarlayır. Gəlin qeyri-insani davranışları bir kənara qoyaq. ABŞ siyasətinin uğursuzluğa düçar olmasına səbəb olan məhz bu xəyallardır", - deyə İranın xarici işlər naziri vurğulayıb.