BAKI, 11 noyabr. TELEQRAF
Ukraynanın Krivoy Roq şəhərində “Azərbaycan Diasporu” Təşkilatının təşəbbüsü ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan adlı tədbir keçirilib.
Bu barədə Teleqraf-a Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.
Tədbirdə şəhərin Hərbi Administrasiyasının sədrinin müavini Viktoriya Andreyevna, diaspor fəalları, həftəsonu məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Ukraynanın Dövlət himnləri səsləndirilib, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Viktoriya Andreyevna Azərbaycanın Ukraynaya göstərdiyi siyasi dəstəyə və humanitar yardımlara görə Azərbaycan dövlətinə və xalqına təşəkkürünü bildirib, şəhər rəhbərliyi adından xalqımızı Zəfər Günü münasibətilə təbrik edib.
Təşkilatının sədri Kəmaləddin Ağayev Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycanın ərazi bütövlüyünün bərpasından və bu Qələbənin xalqımız üçün daşıdığı mənəvi dəyərdən danışıb. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin milli qürur və həmrəylik rəmzi olduğunu vurğulayıb.
Tədbir çərçivəsində Zəfər Gününə həsr olunan film göstərilib.
Proqramın sonunda diaspor fəallarının iştirakı ilə Azərbaycan və Ukrayna bayraqları ilə bəzədilən avtomobillərin yürüşü təşkil olunub.