BAKI, 11 noyabr. TELEQRAF
“Bu gün Azərbaycan cəmiyyətində mövcud olan milli birliyi yaradan ciddi faktorlardan biri cəmiyyətin azərbaycançılıq ideologiyasına bağlı olmasıdır. Bu ideologiya siyasi partiya və yaxud ənənəvi sağ-sol ideologiyalarından kəskin surətdə fərqlənir. Azərbaycançılıq ideologiyası bir qrupun, bir təbəqənin deyil, ümumilikdə bütün cəmiyyətin ideologiyasıdır”.
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, dilindən, dinindən, statusundan asılı olmayaraq, hər bir vətəndaş azərbaycançılıq ideologiyasının daşıyıcısıdır:
“Onun kökündə insanları birləşdirmək, onların maraqlarını bir yumruq ətrafında toplamaq xüsusiyyəti durur. Azərbaycançılığın kökündə Azərbaycan xalqının tarixinin ən dəyərli xüsusiyyətləri, Azərbaycan xalqına xas olan fəaliyyət və eyni zamanda hər bir vətəndaşın dövlətçiliyə, müstəqilliyə bağlı olaraq onun möhkəmlənməsinə töhfə vermək bacarığı dayanır.
Azərbaycançılıq dövlətimizi daim qüdrətli və müstəqil görmək uğrunda hamının getdiyi bir yoldur. Azərbaycançılıqda hər bir vətəndaşın yeri var.
O, insanları milliyyətinə, dininə və dilinə görə ayırmır. Azərbaycanda yaşayan hər bir kəsi özünün fəal iştirakçısına çevirir və hər kəs azərbaycançılığın inkişafında, öz fəaliyyətinin ölkəmizə uğurlar gətirməsində maraqlıdır".
Aydın Mirzəzadə azərbaycançılığın bu gün dövlətimizin dünya birliyində öz layiqli yerini tutmasına, həlli vacib məsələlər üçün uğurlu variantların tapılmasına kömək etdiyini vurğulayıb:
“Azərbaycançılığın tarixi kökləri var. Bununla belə, müasir dövrün çağırışları və xüsusiyyətləri də azərbaycançılıqda daim öz əksini tapır. Məhz azərbaycançılıq Azərbaycanda milli birlik yaratdı. Məhz azərbaycançılıq hər kəsi Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün dəmir yumruq kimi bir qüvvəyə yönəltdi. Azərbaycançılıq dünən də Azərbaycan xalqının, cəmiyyətinin uğurlar qazanmasına töhfə verib, bu gün də fəaliyyət göstərir və gələcəkdə də Azərbaycan və onun hər bir vətəndaşı üçün uğur gətirən çox ciddi bir faktor kimi fəaliyyət göstərəcək”.