BAKI, 2 iyul. TELEQRAF

Avropa İttifaqı (Aİ) Türkiyə ilə viza qaydalarının liberallaşdırılması üzərində işləyir.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.

Mövzu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, Aİ-nin genişlənmə üzrə komissarları Marta Kos ilə Maqnus Brunnerin Ankaraya səfəri zamanı müzakirə olunub. Aİ rəsmiləri burada Türkiyə xarici işlər naziri Hakan Fidanla danışıqlar aparıblar.

Hakan Fidan bundan əvvəl söyləmişdi ki, Ankara Brüsseldən münasibətləri obyektiv meyarlar əsasında, heç bir ayrı-seçkilik olmadan normallaşdırmağı gözləyir. Xarici işlər naziri Aİ-yə üzvlüyün Türkiyə üçün strateji məqsəd olaraq qaldığını da vurğulamışdı.

Hazırda doqquz ölkə namizəd statusuna malikdir: Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro, Serbiya, Ukrayna, Moldova və Gürcüstan. Türkiyənin Aİ-yə qəbul prosesi ən uzun müddət davam edənidir. Ölkə 1963-cü ildə Aİ ilə Assosiasiya Sazişi imzalayıb, 1987-ci ildə üzvlük üçün müraciət edib, 1999-cu ildə namizəd statusu alıb. Üzvlük danışıqları 2005-ci ildə başlasa da, bir neçə ölkə tərəfindən əsassız iddialarla maneə törədilir. Məsələn, Fransa və Almaniya.