BAKI, 3 aprel. TELEQRAF
“Ukrayna yaxın günlərdə təhlükəsizlik zəmanətləri ilə bağlı sənəddə qalan suallara öz cavablarını əlavə edəcək. Sənədlər razılaşdırıldıqdan sonra ABŞ nümayəndə heyəti Kiyevə gələ bilər”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbəti zamanı ABŞ ilə danışıqları şərh edərkən deyib.
Ukrayna lideri qeyd edib ki, bəzi məsələlər onun ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüşü çərçivəsində həll edilə bilər:
“Bu, vacib söhbət idi. Birincisi: hamı anlayır ki, mürəkkəb məsələlər, xüsusilə ərazilərlə bağlı məsələlər yalnız üç ölkənin (Ukrayna, Rusiya və ABŞ) liderləri tərəfindən həll oluna bilər. İkincisi, istənilən halda Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı aydın təsəvvürü olmalıdır. Hər şey elə yazılmalıdır ki, ukraynalılar bunu başa düşsünlər. Bu, çox vacibdir. Razılaşdıqlarımızı alıb-almayacağımızı bilmirik, amma razılaşma belədir: Ukrayna yaxın günlərdə hazırlanan sənədə bu zəmanətlərlə bağlı suallara cavabları əlavə edəcək”.
Zelenski vurğulayıb ki, Rusiyanın yeni təcavüzü halında ABŞ-nin reaksiyasının necə olacağı ilə bağlı aydın cavab olmalıdır. Prezident qeyd edib ki, Ukrayna 800 minlik ordunu saxlayır və bunun maliyyələşdirilməsinin (Ukrayna büdcəsindən əlavə) kim tərəfindən və necə təmin ediləcəyi sual altındadır.
Dövlət başçısı əlavə edib ki, zəmanətlər kontekstində Ukraynanın Avropada olmayan, amma Yaxın Şərq ölkələrində mövcud olan antiballistik sistemlərlə (THAAD hava hücumundan müdafiə sistemi - red.) təmin edilməsi məsələsi də nəzərdən keçirilir. Onun sözlərinə görə, yaxın zamanda Kiyev bu məsələ ilə bağlı öz baxışını təqdim edəcək, daha sonra ABŞ tərəfi düzəlişlər edə biləcək.
Qeyd edək ki, Volodimir Zelenskinin ABŞ tərəfi ilə danışıqları aprelin 1-də baş tutub.