BAKI, 9 mart. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin işğal olunmuş Krım yarımadasında Rusiya ordusuna məxsus obyektlərə güclü zərbə endirib, “Pantsir” sistemləri, desant kateri və “Orion” PUA bazası vurulub.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi‑Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.
Bildirilib ki, HDQ bölmələri Ukrayna Xüsusi Əməliyyat Qüvvələri ilə birlikdə müvəqqəti işğal olunmuş yarımada ərazisində uğurlu əməliyyat keçiriblər.
“Nöqtə zərbələri nəticəsində Ukraynanın müdafiəçiləri Rusiyaya məxsus üç ədəd “Pantsir‑S1” zenit raket‑top kompleksini vurmağa və düşmənin mobil atəş qrupunu məhv etməyə nail olublar”.
Bundan başqa, HDQ-nin qüvvə və vasitələri tərəfindən Rusiyaya məxsus yüksək sürətli BK‑16 desant kateri məhv edilib.
Həmçinin Kirovske aerodromu zərbə altına düşüb. Ukrayna ordusu zərbə-kəşfiyyat tipli “Orion” PUA-larının saxlanılma obyektinə dəqiq zərbə endirərək, bu dronların 4 idarəetmə stansiyasını tamamilə məhv ediblər.