BAKI, 22 fevral. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunları (DHQ) Aleksandrovsk istiqamətində əks-hücum əməliyyatları keçirdiyini rəsmi şəkildə təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə DHQ-nin rəsmi "Telegram" kanalında məlumat yayılıb.

Məlumata görə, Ukrayna müdafiəçilərinin əsas vəzifəsi düşmənin Dnepropetrovsk və Zaporojye vilayətləri istiqamətində irəliləmək planlarını pozmaq, həmçinin qarşı tərəfin hərbi qruplaşmasını darmadağın edərək onları Dnepropetrovsk vilayətinin inzibati sərhədlərindən kənara çıxarmaqdır.

"Düşmənin aktiv həmlələrinə baxmayaraq, Desant-Hücum Qoşunlarının bölmələri bütün hücumları dəf edir və uğurlu hücum əməliyyatları həyata keçirir", - deyə bəyanatda vurğulanıb.

DHQ-dən bildirilib ki, vəziyyət son dərəcədə dinamikdir, çünki Rusiya qoşunları zəbt olunmuş ərazilərin hər metri üçün müqavimət göstərir, həm canlı qüvvə, həm də texnika resurslarından maksimum istifadə edirlər.

Buna baxmayaraq, əməliyyatın başlanğıcından bəri Ukrayna bölmələri qonşu hərbi hissələrlə birlikdə 300 kvadratkilometrdən çox ərazi üzərində nəzarəti bərpa edib və 8 yaşayış məntəqəsini düşmən diversiya-kəşfiyyat qruplarından təmizləyib. Hazırda əməliyyatın aktiv fazası davam etdiyi üçün yekun nəticələr barədə danışmağın tez olduğu bildirilir.

"DeepState" analitiklərinin məlumatına görə, Ukrayna hərbçiləri Dnepropetrovsk vilayətində Kalinivske və Ternove yaxınlığında düşməni geri oturdublar. Eyni zamanda, Rusiya ordusunun Donetsk vilayətinin Pokrovsk və Svyato-Pokrovsk rayonlarında təzyiqi davam etdirdiyi və müəyyən irəliləyişlər əldə etdiyi qeyd olunur.

Ukrayna Silahlı Qüvvələrinin zabiti Andrey Tkaçuk da ölkənin cənubunda əldə olunan uğurları təsdiqləyib. O bildirib ki, Ukrayna müdafiəçiləri Zaporojye vilayətinin Pavlovka, Uspenovka və Ternuvate yaşayış məntəqələri istiqamətində irəliləyişə nail olublar.