BAKI, 22 fevral. TELEQRAF

Lvovun mərkəzində terror aktı törətməkdə şübhəli bilinən şəxsin Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edən Rivne (Rovno) vilayətinin 33 yaşlı sakini olduğu məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadın Rusiya xüsusi xidmət orqanlarının qondarma "kuratoru"nun göstərişi ilə əldəqayırma partlayıcı qurğular hazırlayıb və onları əvvəlcədən müəyyən edilmiş yerlərə quraşdırıb.

Bildirilib ki, birgə əməliyyat tədbirləri nəticəsində polislər 7-ci Karpat Sərhəd Dəstəsinin sərhədçiləri ilə birlikdə bir neçə saat ərzində şübhəli şəxsin yerini müəyyən ediblər. Cinayətkar Starı Sambir şəhərinin nəzarət edilən sərhədyanı ərazisində yaxalanıb.

Qeyd olunur ki, cinayət işi üzrə ibtidai istintaqı Ukrayna Təhlükəsizlik Xidməti aparır. İttiham olunan ən ağır maddənin sanksiyası ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

***

12:46

Ukrayna polisi Lvov şəhərində həyata keçirilən terror aktının ehtimal olunan icraçısını saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat yayıb.

Nazirin sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən qadın rayon mərkəzlərinin birində ələ keçirilib. Hazırda terror aktının baş verdiyi yerdə müvafiq xidmətlər çalışır və hadisənin bütün təfərrüatları araşdırılır.

Xatırladaq ki, fevralın 22-nə keçən gecə Lvovun mərkəzində güclü partlayışlar baş verib. Lvov vilayət prokurorluğunun məlumatına görə, saat 00:30-da "102" xidmətinə Danilişin küçəsi 20 ünvanında yerləşən mağazaya qanunsuz daxil olma barədə siqnal daxil olub və partlayışlar məhz həmin obyektdə qeydə alınıb.

Şəhər meri Andrey Sadovoy bildirib ki, partlayışın dalğası o qədər güclü olub ki, yaxınlıqdakı binaların şüşələri çiliklənib.

Daha sonra məlum olub ki, gecə saatlarında baş verən partlayışlar nəticəsində 23 yaşlı qadın polis əməkdaşı həlak olub, onlarla insan isə müxtəlif dərəcəлі bədэн xəsarətləri alıb.

Lvov vilayəti polisinin mətbuat xidmətindən bildirilib ki, hüquq-mühafizə orqanları partlayışı terror aktı kimi qeyd ediblər. İlkin ehtimala görə, mağazanın daxilində əldəqayırma partlayıcı qurğular işə düşüb.