BAKI, 22 fevral. TELEQRAF
Fevralın 22-nə keçən gecə Rusiya ordusu Ukraynanın Odessa və Nikolayev vilayətlərinə pilotsuz uçuş aparatları (PUA) ilə növbəti kütləvi zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə "UNİAN" məlumat yayıb.
Məlumata görə, hücumlar əsasən enerji obyektlərini hədəf alıb və nəticədə həmin ərazilərdə irimiqyaslı yanğınlar baş verib. Gecə saatlarında Odessada bir neçə dəfə hava həyəcanı siqnalı verilib. Monitorinq kanalları düşmənin Qara dəniz istiqamətindən regiona, xüsusən də cənub bölgələrinə dronlar buraxdığını qeydə alıb.
Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper düşmənin enerji sektoruna kütləvi hücumları davam etdirdiyini bildirib:
"Bu gecə Rusiya yenidən enerji infrastrukturu obyektlərinə PUA-larla zərbələr endirib. Zərbələr nəticəsində böyük ərazilərdə yanğınlar baş verib. Hazırda bütün yanğın ocaqları söndürülüb. Ölən və yaralanan yoxdur".
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (DSNS) regional idarəsindən qeyd edilib ki, düşmən əhalini işıqsız və istiliksiz qoymaq məqsədilə qəsdən kritik infrastrukturu hədəfə alıb. Odessa vilayət prokurorluğunun mətbuat xidmətindən isə gecə hücumu nəticəsində 15 mindən çox abonentin işıqsız qaldığı və hazırda bərpa işlərinin aparıldığı vurğulanıb.
Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kimin sözlərinə görə, gecə və səhərə yaxın düşmən vilayət mərkəzinə "Shahed 131/136" tipli PUA-larla zərbələr endirib.
V.Kim əlavə edib ki, səhər saatlarında həyata keçirilən hücum nəticəsində Nikolayevdə nəqliyyat və enerji infrastrukturu obyektlərinə ziyan dəyib. Vilayətdə 16 min abonent elektrik enerjisindən məhrum olub.