BAKI, 15 fevral. TELEQRAF
Ukraynanın sabiq energetika naziri German Qaluşşenko ölkəni tərk etməyə cəhd göstərərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Bildirilir ki, sabiq nazir Prezident Volodimir Zelenskinin yaxın ətrafında korrupsiya halları ilə bağlı başladılan səs-küylü "Midas" cinayət işinin əsas fiqurantlarından biridir. Qaluşşenkonun adı bu işdə Mindiçlə (iş adamı Timur Mindiç – red.) yanaşı, əsas şübhəlilər sırasında hallanır.
Xatırladaq ki, German Qaluşşenko ötən ilin noyabr ayında baş verən korrupsiya qalmaqalından sonra tutduğu vəzifədən azad edilmişdi. Lakin həmin vaxt ona qarşı rəsmi ittiham irəli sürülməmiş və şübhəli şəxs qismində cəlb edilmə haqqında bildiriş təqdim olunmamışdı.
Mənbələrin iddiasına görə, sabiq nazirin sərhəddə saxlanılması istintaqın yeni mərhələyə keçdiyindən xəbər verir. Ehtimal olunur ki, ona yaxın saatlarda rəsmi şübhəli şəxs bildirişi təqdim ediləcək və barəsində qətimkan tədbiri seçiləcək.