BAKI, 15 fevral. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubionun "sarsılmaz əlaqələr" barədə verdiyi vədlərə baxmayaraq, Avropa İttifaqı liderləri, o cümlədən Almaniya kansleri Fridrix Merts ən pis ssenariyə hazırlaşır.
Teleqraf "Financial Times"a istinadən xəbər verir ki, M.Rubio Münxen Təhlükəsizlik Konfransındakı çıxışında ABŞ və Avropa arasındakı bağları tərifləyib, avropalı mühacirlərin Amerika qitəsinə gəlişini xatırladaraq "Biz həmişə Avropanın övladları olacağıq" deyib.
Zaldakı Avropa liderləri, nazirlər və yüksək rütbəli rəsmilər bu sözləri ayaq üstə alqışlasalar da, nəşr yazır ki, bu reaksiya heyranlıqdan daha çox, yüngülləşmə hissindən irəli gəlirdi. Məlumata görə, Donald Trampın ikinci prezidentlik müddətinin ilk 13 ayı son onilliklərin ən böyük transatlantik böhranına səbəb olub.
Münasibətlərdə "şok terapiyası"
Ağ Evin aqressiv xarici siyasəti və müttəfiqlərlə münasibətlərə "alver" (transactional) prizmasından yanaşması Avropadakı tərəfdaşları qorxudur və 80 illik təhlükəsizlik paktını sarsıdır. Rubionun tonu vitse-prezident Cey Di Vensin bir il əvvəl eyni səhnədəki sərt çıxışından daha nəzakətli olsa da, mesajın mahiyyəti dəyişməz qalıb.
Rubio administrasiyanın tezislərini təkrarlayaraq, Avropanın enerji siyasətini "iqlim kultunu sakitləşdirmək" cəhdi adlandırıb və bunun xalqı yoxsullaşdırdığını bildirib. O, həmçinin kütləvi miqrasiyanın "sivilizasiyanı silmək" təhlükəsi yaratdığını iddia edib.
Avropalı nazirlərdən biri nəşrə bildirib: "Rubio bu administrasiyadan gözləyə biləcəyimiz ən yaxşı haldır. Amma o da aydın mesaj verdi: əlaqələr qopmasa da, vəziyyət əvvəlki kimi deyil".
Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə qitənin "şok terapiyası" keçirdiyini vurğulayıb: "Bəzi qırmızı xətlər keçilib və geri dönüş yoxdur. Avropa həyat tərzimiz və demokratik əsaslarımız sınağa çəkilir".
NATO Baş katibi Mark Rutte isə gərginliyi azaltmağa çalışaraq, Rubionun Ukrayna ilə bağlı görüşə qatılmamasını qrafik uyğunsuzluğu ilə izah edib: "ABŞ təkcə Avropanın yox, bütün dünyanın qayğısına qalmalıdır. Mən bunu anlayışla qarşılayıram".
Qrenlandiya və Ukrayna faktoru
Konfrans Trampın Danimarkaya məxsus Qrenlandiyanı ələ keçirmək üçün hərbi müdaxilə ilə hədələməsindən bir neçə həftə sonra baş tutub. Bu hadisə və tətbiq edilən tariflər münasibətləri gərginləşdirib.
Əsas fikir ayrılığı isə Ukrayna məsələsindədir. Tramp Kiyevdən danışıqlar naminə güzəştlər tələb edir, Avropa paytaxtları isə Rusiyaya hərbi və sanksiya təzyiqinin artırılmasını istəyir. Almaniya kansleri F.Merts konfransda bəyan edib: "Müharibəni dayandırmaq Rusiyanın əlindədir. Amma Amerika, Avropa və Ukrayna birlikdə onu buna məcbur edə bilər".