BAKI, 15 fevral. TELEQRAF
Avropa rəsmiləri kritik məqamda ABŞ-nin köməyə gəlməyəcəyindən ehtiyatlanaraq, NATO-ya əlavə olaraq "Avropa nüvə düyməsi"nin yaradılması məsələsini müzakirəyə çıxarıblar.
Teleqraf "Politico" nəşrinə istinadən xəbər verir ki, bir çox Avropa ölkəsi ABŞ-nin nüvə silahına əlavə olaraq, qitənin özünəməxsus nüvə çəkindirmə sisteminin yaradılması barədə danışıqları açıq şəkildə dəstəkləyir.
Bu tendensiya Donald Trampın rəhbərliyi altında ABŞ-yə olan inamın azalması fonunda güclənib.
Baltikyanı ölkələrin mövqeyi
Baltikyanı iki ölkənin yüksək rütbəli rəsmiləri nəşrə bildiriblər ki, onlar NATO-nu hələ də nüvə çəkindirməsinin təməl daşı hesab etsələr də, artıq Avropanın bu sahədəki müstəqil rolunu müzakirə etməyə hazırdırlar. Bu məsələ Münxen Təhlükəsizlik Konfransında həm açıq çıxışlarda, həm də qapalı görüşlərdə geniş müzakirə olunub. Avropada nüvə silahı ilə bağlı ciddi danışıqlara başlamaq tələbi ABŞ-nin Rusiyanın hücumunu dəf edəcəyinə dair inamın sarsılması ilə əlaqədardır.
ABŞ dövlət katibi Marko Rubionun nisbətən yumşaq tonda etdiyi çıxış belə avropalıların şübhələrini tam dağıda bilməyib. Estoniyanın müdafiə nazirinin müavini Tuuli Duneton bildirib ki, ölkəsi Avropada vahid nüvə çəkindirmə sistemi ilə bağlı danışıqlarda iştirakı istisna etmir: "Biz tərəfdaşlarımızla müzakirələrə hər zaman açığıq. Lakin ABŞ hələ də müttəfiq ölkələrin nüvə təhlükəsizliyini təmin etməyə sadiqdir".
Latviyanın Baş naziri Evika Silinya da həmkarının fikirlərini dəstəkləyib: "Nüvə çəkindirməsi bizə yeni imkanlar verə bilər. Niyə də yox? Lakin atılacaq addımlar beynəlxalq öhdəliklərə uyğun olmalıdır".
Xatırladaq ki, Tramp NATO Nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsini şübhə altına alıb, müttəfiqlərin Əfqanıstan müharibəsindəki töhfələrini ələ salıb və dəfələrlə Danimarkaya məxsus Qrenlandiyanı ilhaq etməyə çağırıb. Bütün bunlar Avropanı Moskvadan qorunmaq üçün əlavə "sığorta" axtarmağa vadar edir.
Fransa faktoru və nüvə danışıqları
Reallıqda bu plan Avropanın nüvə dövlətləri olan Fransa və Böyük Britaniyaya üz tutması deməkdir. Londondan fərqli olaraq, Paris NATO-nun Nüvə Planlaşdırma Qrupuna daxil deyil. Fransa prezidentləri dəfələrlə bəyan ediblər ki, ölkənin milli maraqları Avropa miqyasına malikdir, lakin nüvə silahının işə salınması qərarı yalnız Paris tərəfindən verilir.
Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron Münxendəki çıxışlarında Avropa nüvə çəkindirməsi mövzusuna toxunublar. Lakin hamı bu kursla razı deyil. İspaniyanın Baş naziri Pedro Sançes Avropanın güclənməsinin vacibliyini qəbul etsə də, nüvə silahlanmasının yanlış yol olduğunu bildirib.
ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi isə bəyan edib ki, Vaşinqton Avropadan konvensional (adi) müdafiə sahəsində daha çox fəallıq gözləsə də, öz "nüvə çətirini" qitədən götürmür.
Kritik mərhələ
Fransa, Almaniya və İsveç kimi ölkələr arasında nüvə danışıqları hələ çox ilkin mərhələdədir. Makron bu yaxınlarda nüvə çəkindirməsinin yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. Mart ayının əvvəlində onun Fransanın nüvə doktrinası ilə bağlı mühüm çıxış edəcəyi gözlənilir.
Ekspertlərin fikrincə, Qərb paytaxtları Fransanın nüvə potensialını dəstəkləmək üçün ona sualtı qayıqlar kimi adi hərbi vasitələrlə kömək edə bilər. Həmçinin, digər ölkələrin subsidiyaları hesabına Parisin nüvə arsenalının artırılması variantı da nəzərdən keçirilir. Bəzi ölkələr Fransanı NATO-nun rəsmi nüvə planlaşdırma prosesinə qoşulmağa çağırsa da, Parisin belə bir niyyəti yoxdur.
NATO-nun Baş katibi Mark Rutte isə məsələyə belə münasibət bildirib: "Hesab edirəm ki, Avropada kollektiv şəkildə güclənməyimizə xidmət edən istənilən müzakirə əladır. Lakin heç kim bunu ABŞ-nin nüvə çətirinin əvəzləyicisi kimi təklif etmir".