BAKI, 15 fevral. TELEQRAF

Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə hava hücumu nəticəsində 3 nəfər yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.

Teleqraf xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat yayıb.

Rəsmi məlumatda bildirilir ki, hücum zamanı "Şahed" tipli zərbə pilotsuz uçuş aparatından (PUA) istifadə olunub:

"Dron zərbəsi nəticəsində fərdi yaşayış evində yanğın baş verib. Hadisə zamanı 3 nəfər – 75 yaşlı kişi, 73 və 55 yaşlı qadınlar xəsarət alıb. Onlara lazımi tibbi yardım göstərilir".

İ.Fyodorov gecə hücumu nəticəsində ən azı 4 evin zədələndiyini bildirib və dağıntıların görüntülərini paylaşıb. Onun sözlərinə görə, son sutka ərzində Zaporojye, eləcə də Polovı rayonlarına edilən hücumlar nəticəsində ümumilikdə 1 nəfər həlak olub, 7 nəfər isə yaralanıb .

Xatırladaq ki, Rusiya ordusu son günlərdə Ukraynanın digər şəhərlərini də intensiv atəşə tutur. Fevralın 3-də Kramatorsk şəhərinə endirilən zərbə nəticəsində bir ailənin 4 üzvü – üç qardaş (onlardan ikisi 19 yaşlı, biri 8 yaşlı) və 1962-ci il təvəllüdlü kişi həlak olub.

Bundan əlavə, fevralın 12-də Odessa şəhərinə PUA hücumu həyata keçirilib. Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, hücum nəticəsində yaşayış, sənaye, enerji və liman infrastrukturu zədələnib, 4 nəfər xəsarət alıb.