BAKI, 6 fevral. TELEQRAF
“Avropa Ukraynaya dəstək üçün vahid və güclü mövqe nümayiş etdirməlidir. Avropalılardan Vladimir Putinə yeganə siqnal təzyiqin gücləndirilməsi olmalıdır”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
“Putin və Rusiyaya yalvarmaq, danışıqlar üçün xahiş etmək olmaz. Bu, düzgün yanaşma deyil. Putinin təcriddən çıxarılması barədə də danışmaq olmaz. Bu da mümkün deyil”, - o bildirib.
Sibiqanın sözlərinə görə, Avropa vahid mövqedən çıxış etməlidir, çünki müharibənin təşəbbüskarı Vladimir Putinin məqsədi Avropanı parçalamaqdır:
“Onun niyyəti budur. Danışıqlar pərakəndə olsa, bu, heç bir yaxşı nəticəyə gətirməyəcək. Əgər sülh yolu nəzərdə tutulursa, Avropanın vahid və güclü mövqeyi olmalıdır.
Əgər Putinə hansısa siqnal göndərilməlidirsə, bu siqnallar təzyiqin növbəti addımları barədə olmalıdır. O, təcavüzün davamının nəticələrini anlamalıdır. Putin rejimi üçün rus aqressiyasının davam etməsinin bədəlini artırmaq lazımdır”.