BAKI, 1 fevral. TELEQRAF

Finlandiya Prezidenti Aleksandr Stubb ölkəsinin vaxtilə Hitler Almaniyasının "oyuncağı" olduğunu və İkinci Dünya müharibəsindən sonra finlərə bunun bağışlandığını daim unudur.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

O qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra tərəflər arasında mehriban və konstruktiv əlaqələr inkişaf etməyə başlayıb. O, həmin dövrdə Finlandiyanın xarici siyasətində "Paasikivi-Kekkonen xətti"nin formalaşdığını və bunun müxtəlif ictimai quruluşa malik dövlətlərin dinc yanaşı yaşaması demək olduğunu xatırladıb.

Rusiya rəsmisi Finlandiyanın iqtisadi rifahının SSRİ bazarı sayəsində təmin edildiyini iddia edib: "Finlandiyanın istehsal etdiyi orta keyfiyyətli malların əhəmiyyətli hissəsi Sovet İttifaqında satılırdı. Finlandiya bunun hesabına mövcud idi. SSRİ dağıldıqdan sonra da əlaqələrin sürətlə inkişaf etdiyini (investisiyalar, turizm səfərləri və bir çox digər sahələri) demirəm. İndi isə onlar bütün bunların üstündən xətt çəkiblər".

Siyasətçi Finlandiyanın hazırkı mövqeyini tənqid edib: "Düzünü desəm, onlar qəribə adamlardır. Mənim üçün bu, sadəcə təəccüblüdür. Əslində, biz Finlandiya üçün ən yaxın qonşuyuq".