BAKI, 1 fevral. TELEQRAF

Sülh sazişi çərçivəsində Donbasda ediləcək istənilən güzəşt müharibəni dayandırmayacaq, əksinə, Rusiyaya Ukraynanın daxilinə doğru daha genişmiqyaslı hücuma hazırlaşmaq üçün vaxt qazandıracaq.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" nəşrinin analitik məqaləsində bildirilib.

Analitiklər xəbərdarlıq edirlər ki, Rusiyanın Donetsk vilayətinə tam nəzarəti tələb etməsi sadəcə "nüfuzunu qorumaq" cəhdi deyil. Mütəxəssislər hesab edirlər ki, Slavyansk və Kramatorsk şəhərlərinin təhvil verilməsi Kiyevi şərqdəki ən güclü müdafiə xəttindən məhrum edəcək.

Qeyd olunur ki, Donetsk vilayətinin hazırda Ukraynanın nəzarətində olan hissəsi cəbhənin ən möhkəmləndirilmiş ərazilərindən biridir. Buradakı müdafiə qurğuları Rusiyanın tammiqyaslı işğalından çox əvvəl – 2014-cü ildən bəri inşa edilib .

Ekspertlərin fikrincə, əgər sülh planı ərazilər təhvil verildikdən sonra pozularsa (bir çoxları bu ssenarini tamamilə real hesab edir) Rusiya zəifləmiş Ukraynanın daxilinə doğru yeni işğala başlamaq üçün ideal strateji mövqedə olacaq.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ərazi məsələsinin, xüsusilə də Donbas mövzusunun əsas müzakirə predmeti olduğunu bəyan edib. Bu məsələ yanvarın 23-24-də Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında keçirilən danışıqlarda müzakirə olunub.

Rusiya lideri Vladimir Putin müharibəni bitirəcək sülh sazişi üçün Ukrayna qoşunlarının Donbasdan tamamilə çıxarılmasını tələb edir. Bu, Moskvanın əsas şərtlərindən biridir.

Lakin ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) qeyd edir ki, Rusiyanın ərazi və siyasi iddiaları Kremlin Qərb auditoriyası üçün səsləndirdiyi bəyanatlardan daha genişdir.

KİV-in məlumatına görə, Əbu-Dabi görüşündə tərəflər həmçinin Donetsk vilayətinin işğal olunmuş hissəsində neytral sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini də müzakirə ediblər.