BAKI, 1 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın yanvar ayı ərzində ölkəyə qarşı həyata keçirdiyi kütləvi hava hücumlarının statistikasını açıqlayıb.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə "Telegram" kanalında paylaşım edib.

Zelenski bildirib ki, hazırda ölkənin bir çox regionunda kritik infrastrukturun bərpası üzrə təmir işləri davam edir. Onun sözlərinə görə, təkcə yanvar ayında Rusiya Ukraynaya qarşı 6 mindən çox zərbə dronu, 5500-ə yaxın idarə olunan aviasiya bombası və 158 müxtəlif tipli raket tətbiq edib.

Prezident vurğulayıb ki, bu zərbələr praktiki olaraq birbaşa energetika sisteminə, dəmir yollarına və əhalinin normal həyatını təmin edən mülki infrastruktura qarşı yönəlib.

Hücumların hazırda da davam etdiyini bildirən V.Zelenski son bir həftənin göstəricilərini də paylaşıb:

"Ötən həftə Rusiya Ukraynaya qarşı 980-dən çox zərbə dronu, 1100-ə yaxın idarə olunan aviasiya bombası və iki raket istifadə edib. Biz Rusiyanın logistikanı, şəhərlər və icmalar arasındakı nəqliyyat əlaqələrini dağıtmaq cəhdlərini qeydə alırıq".

Dövlət başçısı hava hücumundan müdafiə sistemlərinin vacibliyini bir daha xatırladıb:

"Məhz buna görə səmanın qorunması ehtiyacı aradan qalxmayıb. 'Patriot', 'NASAMS', 'F-16' və digər platformalar üçün raketlər hər gün lazımdır. Bunu anlayan və kömək edən bütün tərəfdaşlara təşəkkür edirəm".