BAKI, 31 yanvar. TELEQRAF
Ukrayna hərbi mühəndisləri böyük itkilər bahasına da olsa, Rusiya ordusunun irəliləyişini ləngidir, Donbasdakı yeni müdafiə xətti isə intensiv PUA atəşi altındadır.
Teleqraf xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.
Məhdud resurslara malik, fasiləsiz dron və aviasiya zərbələri altında işləyən ukraynalı hərbi mühəndislər Rusiya qoşunlarının irəliləməsini yubatmaq üçün çoxqatlı müdafiə sistemi qurmağa məcburdurlar.
Ukrayna ordusu ölkənin şərqində Rusiya ilə uzunmüddətli müharibə üçün genişmiqyaslı yeni müdafiə xətlərinin tikintisinə başlayıb. Dnepropetrovsk vilayətində - Rusiya ordusunun ön mövqelərindən 35 kilometr aralıda yüzlərlə kilometr ölkə daxilinə uzanan tikanlı məftillər, tank əleyhinə xəndəklər, tələlər və yeraltı istehkamlarından ibarət dərin eşelonlaşdırılmış müdafiə xətləri salınır.
Hərbi-mühəndis bölmələrinin nümayəndələrinin sözlərinə görə, bu nəhəng missiya Moskvanın təcavüzünün hələ bitmədiyini anlamağın birbaşa nəticəsidir.
Dövlət Xüsusi Nəqliyyat Xidmətinin mətbuat katibi Oleksandr deyir:
“Bizi 5, hətta 10 il müharibə gözləyir. Atəşkəs Putini dayandırmayacaq, yalnız sərt məcburetmə və ya rejimin devrilməsi bunu edə bilər”.
Hücumların yüksək intensivliyinə baxmayaraq, Rusiya qoşunlarının irəliləyişi son dərəcə yavaşdır. Məlumata görə, Rusiya ordusu 2024-cü ildə gündə orta hesabla 15-70 metr irəliləyib, ümumilikdə Ukrayna ərazisinin 1,5 faizdən azını ələ keçirib.
Paralel olaraq, Rusiyanın itkiləri misilsizdir, 2022-ci ilin fevralından bəri ölən, yaralanan və itkin düşənlərin ümumi sayı 1,2 milyon nəfərə çatıb ki, bu da İkinci Dünya müharibəsindən bəri Moskva üçün ən yüksək göstəricidir.
Ukrayna hərbçiləri etiraf edirlər ki, heç bir müdafiə xətti keçilməz deyil.
“Ruslar əvvəlcə planlaşdırılan KAB aviabombaları ilə mövqeləri məhv edir, sonra dronlar işə düşür, ardınca isə piyada daxil olur”, - Ukrayna Silahlı Qüvvələrinin Cənub qrupunun sözçüsü Vyaçeslav Volodin söyləyir.
Cəbhə xəttində uzaqmənzilli müdafiə sistemlərinin olmaması və piyada çatışmazlığı Ukrayna Silahlı Qüvvələrini başqa taktikaya - daha dərin qazılmış, qapalı və maksimum maskalanmış mövqelərin qurulmasına keçməyə məcbur edir.
Yeni müdafiə mövqeləri uzunluğu bir kilometrə çatan, metal və dəmir-betonla möhkəmləndirilmiş, yaşayış sahələri, havalandırma sistemi və çölə minimum çıxışları olan yeraltı tunellərdən ibarətdir.
“Dron təhlükəsi bizi bütün səngərləri örtməyə məcbur etdi. Bu, sağ qalmaq məsələsidir”, - deyə “Karey” ləqəbli mühəndis bölməsinin rəisi bildirir.
Ukraynalı mühəndislər həmçinin metal məftildən hazırlanmış azgörünən tələlər və meşə zolaqlarının qırılması kimi yeni maneələrlə də eksperiment aparırlar ki, bunlar hətta aşağı hündürlükdə uçan dronlara qarşı da effektivdir.
Rusiya PUA-larının daimi hücum zonası artıq Ukrayna mövqelərinin 20 kilometr dərinliyinə qədər uzanır. Düşməndən 5-15 kilometr aralıda istehkamların tikintisi ölümcül təhlükəli missiyaya çevrilib.
“Bizə lazım olan resursların cəmi onda biri ilə döyüşürük”, - Oleksandr etiraf edir.
Bu səbəbdən mühəndislər getdikcə daha tez-tez birbaşa ön xəttə gedir, faktiki olaraq piyadalarla eyni səviyyədə döyüş tapşırıqları yerinə yetirirlər.