BAKI, 25 yanvar. TELEQRAF
"Rusiya ordusunun hazırkı əsas hədəfləri Ukraynanın energetika sistemi, kritik infrastruktur obyektləri və yaşayış binalarıdır".
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.
Dövlət başçısı son bir həftə ərzində ölkəsinə edilən hücumların statistikasını açıqlayıb:
"Təkcə bu həftə ərzində rusiyalılar 1700-dən çox zərbə dronu, 1380-dən artıq idarə olunan aviasiya bombası və 69 müxtəlif tipli raket buraxıblar".
V.Zelenski qeyd edib ki, Rusiyanın hər bir kütləvi zərbəsi dağıdıcı nəticələrə səbəb ola bilər:
"Buna görə də hava hücumundan müdafiə (HHM) sistemləri üçün raketlərə gündəlik ehtiyac duyulur. Səmanın müdafiəsini gücləndirmək məqsədilə Amerika və Avropa ilə işləməyə davam edirik".
Hazırda Litvada səfərdə olduğunu bildirən Ukrayna lideri regiondakı tərəfdaşları ilə görüşdüyünü vurğulayıb: "Bu gün Vilnüsdə regiondakı tərəfdaşlarımızla – Litva və Polşa ilə fəaliyyətimizi əlaqələndiririk. Ukraynanı gücləndirmək üçün hər bir liderlə işləyirik. Hamı Rusiyadan gələn təhlükəni aydın dərk etməlidir və məhz bizim xalqlarımız bunu ən yaxşı başa düşürlər".