BAKI, 13 iyul. TELEQRAF
Ukrayna-Rusiya müharibəsində cəbhə xəttinin sabitləşməsinin əsas səbəbi dronların sürətli inkişafı və geniş tətbiqidir. Hazırda həm Ukrayna, həm də Rusiya orduları dronlardan o qədər intensiv istifadə edir ki, əsgərlər sığınacaqları tərk etməkdə çətinlik çəkir, çünki ən kiçik hərəkət belə izlənilir və dərhal məhv edilə bilir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr yazır ki, PUA-lar döyüş meydanında həm kəşfiyyat aparır, həm də birbaşa hücumlar həyata keçirirlər:
"Onlar sursat, tibbi ləvazimat və ərzaq daşıyır, yaralıların və həlak olmuş əsgərlərin evakuasiyasına kömək edir. Ən təhlükəli isə FPV – birinci şəxs baxışı ilə idarə olunan kamikadze dronlardır. Ucuz istehsal olunduqları üçün hər iki tərəf onları geniş miqyasda tətbiq edir – bəzən tək bir əsgəri hədəfə almaq üçün belə".
WSJ qeyd edir ki, Ukrayna bu dronları həm ölkə daxilində istehsal edir, həm də texnologiyalarını davamlı olaraq təkmilləşdirir:
"Məsələn, “Vampir” adlı gecə dronları və yüngül, lakin güclü partlayıcı daşıya bilən modellər yaradılıb.
Rusiya isə FPV dronlara optik kabel əlavə etməklə yeni mərhələyə keçib – bu texnologiya radio maneələrə qarşı daha dayanıqlıdır və pilotsuz aparatların effektivliyini artırır.
Bununla yanaşı, Almaniya Ukrayna üçün 500 uzaqmənzilli dronun istehsalına maliyyə dəstəyi verir. Eyni zamanda, Ukrayna hökuməti məktəblərdə FPV dronların idarəsini öyrədən proqramlara start verib".