BAKI, 4 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, Ukrayna lideri bu barədə özünün "Telegram" kanalında məlumat verib.

Danışıq zamanı, tərəflər ABŞ-nin Ukraynaya hərbi yardımını, xüsusən də hava hücumundan müdafiə sistemlərini müzakirə ediblər. Həmçinin, Kiyev və Vaşinqton nümayəndələri arasında "komandaların müvafiq görüşü" ilə bağlı razılaşma əldə edilib.

Zelenski qeyd edib ki, telefon görüşündə müdafiə sənayesinin imkanları və müştərək istehsal imkanları da ətraflı müzakirə olunub. Ukrayna Prezidenti həmçinin Amerika ilə birbaşa layihələrə hazır olduqlarını və bunun xüsusilə pilotsuz təyyarələr və əlaqəli texnologiyalar sahəsində təhlükəsizlik üçün vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, bu telefon danışığı ABŞ-nin silah tədarükünü dayandırması ilə bağlı yaranan gərginlik fonunda baş verib. Son məlumatlara görə, məhdudiyyətlər xüsusilə hava hücumundan müdafiə sistemlərinə aid edilib və Ukraynada vəziyyətin daha da çətinləşməsinə səbəb olub.

***

18:32

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı zamanı Ukraynaya hava hücumundan müdafiə (HHM) vasitələrinin tədarükü məsələsi müzakirə olunub.

Teleqraf xəbər verir ki, bu barədə “Axios məlumat yayıb.

Bildirilib ki, danışıqlar təxminən 40 dəqiqə davam edib.

***

18:15

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

Onun sözlərinə görə, danışıqlar zamanı bir sıra mühüm məslələr müzakirə edilib.