BAKI, 2 iyul. TELEQRAF
ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmaq qərarı Böyük Britaniyanın Kiyevə hərbi yardımına təsir etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Britaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, London Ukraynaya dəstəyini davam etdirmək niyyətindədir və ABŞ-ın qərarı bu prosesə hər hansı maneə yaratmayacaq.
Qeyd olunub ki, Ukraynanın Avropadakı müttəfiqləri Vaşinqtonun yaratdığı boşluğu doldurmağa çalışır. Bununla belə, Qərb hərbi rəsmiləri artıq uzun müddətdir ki, ABŞ-ın Ukraynaya kritik silah tədarükündə əsas rol oynadığını etiraf ediblər.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlamışdı. Onun sözlərinə görə, Vaşinqton hazırda ilk növbədə öz milli ehtiyaclarını təmin etməyə üstünlük verir.