BAKI, 2 iyul. TELEQRAF

“Rusiya artıq Estoniyanın NATO-nun nüvə silahı ilə təchiz edilmiş təyyarələrini qəbul etməyə hazır olduğu barədə bəyanatını nəzərə alıb”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Bu, gərginliyin artmasına, strateji risklərin kəskinləşməsinə, nüvə təhlükəsi səviyyəsinin artmasına gətirib çıxaran Qərbin son dərəcə düşmən və riskli siyasətinin daha bir elementidir. Müvafiq təhdidləri yumşaltmaq üçün Rusiya müdafiə quruculuğu və planlaşdırmasında NATO ölkələrinin yuxarıda qeyd olunan hərəkətlərini nəzərə alacaq və nəzərə almaqdadır”, - diplomat bildirib.

Xatırladaq ki, bundan əvvəl Estoniya müdafiə naziri Hanno Pevkur Tallinin NATO müttəfiqlərinin öz ərazisində nüvə silahları daşıya bilən hərbi təyyarələrini qəbul etməyə hazır olduğunu bəyan edib. Nazirin sözlərinə görə, taktiki nüvə bombası daşıya bilən F-35 qırıcıları artıq Estoniyada olub və tezliklə yenidən ölkənin hava məkanını qoruyacaq.