BAKI, 25 iyun. TELEQRAF

Almaniya kansleri Fridrix Merz Ukraynadakı münaqişənin hərbi yolla həllinin mümkün olmadığını bəyan edib.

Teleqraf xəbər verir ki, o, bu barədə Haaqada keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.

Merzin sözlərinə görə, münaqişəyə yalnız diplomatik və iqtisadi vasitələrlə son qoyula bilər: "Rusiyaya qarşı iqtisadi təzyiqlər artırılmalıdır. Biz Moskvaya iqtisadi təzyiqi artırmalıyıq".

O həmçinin qeyd edib ki, Avropa İttifaqı bu həftənin cümə axşamı 18-ci sanksiyalar paketini qəbul etməyə hazırlaşır. Lakin kanslerin fikrincə, bu kifayət deyil və ABŞ-ın daha fəal şəkildə sanksiya siyasətinə qoşulması zəruridir.

“Bizə ABŞ-ın bu cür sanksiyalarda daha fəal iştirakına ehtiyac var,” - deyə Merz bildirib.

NATO sammiti ərəfəsində ABŞ Prezidenti Donald Trampla birbaşa danışdığını da bildirən kansler, Avropa İttifaqının amerikalılar tərəfindən də Rusiyaya qarşı əlavə məhdudiyyətlərin tətbiqini arzuladığını qeyd edib.