BAKI, 13 aprel. TELEQRAF

İsveçrə sakinlərinin əksəriyyəti NATO ilə daha sıx əməkdaşlığı dəstəkləyir. Lakin respondentlərin yarıdan çoxu ölkənin Alyansa üzv olmasına qarşıdır.

Teleqraf xəbər verir ki, bu barədə "20 Minuten" və "Tamedia" media qrupunun sifarişi ilə keçirilən sorğunun nəticələrində deyilir.

Belə ki, respondentlərin 71%-i NATO ilə daha sıx əməkdaşlığı dəstəklədiyini bildirib, 26%-i isə əleyhinə çıxıb. Sorğu iştirakçılarının 56%-i İsveçrənin NATO-ya üzv olmasına qarşı olduğunu qeyd edib. Yalnız 37% bu fikri dəstəkləyib, 7% isə cavab verməkdə çətinlik çəkib.

Sorğuda iştirak edənlərin 77%-i isə İsveçrənin Avropa İttifaqı ilə təhlükəsizlik sahəsində əməkdaşlığının gücləndirilməsinə müsbət yanaşıb, 21%-i buna qarşı çıxıb.

Qeyd edək ki, İsveçrə neytral statusuna baxmayaraq, 1996-cı ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında iştirak edir. Bu proqram ikitərəfli hərbi əməkdaşlığın inkişafı, məlumat və təcrübə mübadiləsini nəzərdə tutur.