BAKI, 8 aprel. TELEQRAF

2025-ci ildə Belçika ilk iki "F-16" qırıcısını ehtiyat hissələri üçün sökülməsi məqsədilə Ukraynaya təhvil verəcək, daha iki təyyarənin isə 2026-cı ildə göndərilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Kiyevdə olan Belçikanın Baş naziri Bart De Vever məlumat verib. O, gələcək tədarüklərin "F-35" təyyarələrini qəbul edən ölkənin planlarına uyğun olaraq həyata keçiriləcəyini vurğulayıb.

"Biz Ukraynanın "F-16" təyyarələri ilə təmin edilməsi ilə bağlı söz vermişdik və bu sözümüzə əməl edəcəyik. Bu il iki "F-16" təyyarəsi ehtiyat hissələri üçün göndəriləcək, daha iki təyyarə isə gələn il göndəriləcək. Ümid edirik ki, gələcəkdə daha çox təyyarə göndərə biləcəyik, lakin biz "F-35"ləri qəbul etdikdən sonra bunu reallaşdıracağıq. Bizim tərəfimizdən heç bir gecikmə olmayacaq", - De Vever bildirib. O, Ukraynanın bu təyyarələri dərhal qəbul edə biləcəyini də əlavə edib.

Qeyd edək ki, De Vever daha əvvəl bəyan etmişdi ki, Belçika Kiyevə 2026-cı ildə istismardan çıxarılacaq qırıcı təyyarələr göndərməyi planlaşdırır. Lakin, o, bir il yarım gecikməni ABŞ-dən Belçikaya "F-35" təyyarələrinin çatdırılmasında gecikmə ilə izah edib.

Bundan əvvəl Belçikanın Baş Qərargahının rəisi, Hərbi Hava Qüvvələri generalı Frederik Vansina qeyd etmişdi ki, "F-16" təyyarələri artıq istehsal olunmur və onların ehtiyat hissələri problemi aktuallaşıb. O, əlavə edib ki, bu vəziyyət F-16-ların Ukraynaya göndərilməsini çətinləşdirir, çünki "F-16" təyyarələrini istifadə edən digər ölkələr ehtiyat hissələri bölüşməkdən imtina edirlər. Generalın sözlərinə görə, "F-16" təyyarəsinin istifadə müddəti 8 min uçuş saatı ilə məhdudlaşır və istehsalçı tərəfindən bu müddət uzadıla bilməz.