BAKI, 27 mart. TELEQRAF

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Anitta Hipper Rusiyanın Ukrayna ilə müharibəyə son qoyması və bütün hərbi qüvvələrini Ukraynanın ərazisindən qeyd-şərtsiz çıxarması şərti ilə sanksiyaların yumşaldılacağı və ya ləğv ediləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

Hipper Rusiyanın müharibəni dayandırmaq üçün siyasi iradə göstərməsi gərəkdiyini vurğulayıb. O əlavə edib ki, hər hansı bir sülh razılaşması Ukrayna üçün ədalətli və davamlı olmalıdır.

Hipperin sözlərinə görə, Aİ Rusiyaya qarşı təzyiqi daha da gücləndirmək niyyətindədir və bu məqsədlə artıq 16 sanksiya paketi hazırlanıb, yeni paket üzərində də işlər davam edir. Aİ, həmçinin Ukraynaya hərbi sursat dəstəyini artırmaqla da müharibəyə qarşı mübarizəni dəstəkləyir.