
BAKI, 27 mart. TELEQRAF
Avropa İttifaqı (Aİ) "Rosselxozbank" və kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan Rusiya gəmilərinə qarşı sanksiyaları yumşaltmaqdan imtina edib. Bu isə Moskva və Vaşinqton arasında Qara dənizdə atəşkəslə bağlı razılaşmalara mane ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Responsible Statecraft" portalının təhlilində bildirilib.
Aİ-nin sərt mövqeyi ABŞ və Rusiya arasındakı sülh danışıqlarına təhlükə yaradır. Aİ sanksiyalarına görə, Belçikada yerləşən SWIFT sistemi Rusiya banklarını qlobal bankçılıq şəbəkəsinə yenidən qoşa bilmir. Bundan əlavə, Aİ Xarici İşlər Nazirliyinin sözçüsü Anita Hipper bəyan edib ki, sanksiyaların ləğvi yalnız Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxmasından sonra mümkün ola bilər", - təhlildə belə vurğulanır.
Qeyd edək ki, ABŞ və Rusiya arasında Ər-Riyadda aparılan danışıqlarda tərəflər Qara dənizdə təhlükəsizliyi təmin etmək və 30 günlük atəşkəs elan etmək üçün razılığa gəliblər. Lakin Moskva bildirir ki, bu razılaşmalar yalnız Rusiya gəmilərinə və banklarına qarşı sanksiyalar ləğv edildikdən sonra qüvvəyə minəcək.