
BAKI, 27 mart. TELEQRAF
Polşa hökuməti ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə 2025-ci ildə hərbi xərcləri ÜDM-in 4,7 faizinə yüksəltməyi planlaşdırır. Bu göstərici NATO ölkələri arasında ən yüksək rəqəmlərdən biri hesab olunur.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" qəzetində məlumat dərc olunub.
Məlumata görə, ölkənin müdafiə büdcəsi 187 milyard zloti (təxminən 48,7 milyard dollar) təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə əhəmiyyətli bir artımdır.
Bununla yanaşı, Polşa hökuməti vətəndaşların hərbi hazırlığını artırmaq üçün genişmiqyaslı proqramlar həyata keçirməyə başlayıb. Baş nazir Donald Tusk 2027-ci ildən etibarən ən azı 100 min polyakın hərbi təlim keçəcəyini açıqlayıb. Bu təşəbbüs çərçivəsində “ehtiyat ordusu” yaradılması planlaşdırılır. Təlimlər könüllü olacaq və iştirakçılar mülki müdafiə, ilkin tibbi yardım, döyüş bacarıqları və digər sahələr üzrə biliklər əldə edəcəklər.
Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Wieslaw Kukula bildirib ki, ölkənin Rusiya və Belarusla həmsərhəd olması səbəbindən müdafiə strategiyasını gücləndirmək zəruridir. Onun sözlərinə görə, Polşa “strateji ərazi dərinliyi”nə malik olmadığı üçün hər hansı təhdidə qarşı vaxtında cavab vermək imkanları məhduddur.
Bu addımlar Polşanın regiondakı potensial təhlükələrə qarşı hazırlığını artırmaq və müdafiə qabiliyyətini gücləndirmək istiqamətində atdığı mühüm tədbirlərdən biri kimi qiymətləndirilir.