BAKI, 26 mart. TELEQRAF

Almaniya təhlükəsizlik qüvvələri ölkənin 6 əyalətində antiterror əməliyyatları həyata keçiriblər.

Teleqraf xəbər verir ki, məlumat “Bild” qəzetində dərc olunub.

Qeyd olunub ki, əməliyyatlar çərçivəsində ümumilikdə 19 obyektdə axtarış aparılıb.

Federal Kriminal Polis İdarəsinin (BKA) və yerli polis qüvvələrinin 200-dən çox əməkdaşının cəlb olunduğu əməliyyatların məqsədi “Brigade N‘Hamedu” adlı terrorçu təşkilatın təsisçiləri və üzvləri olduqları ehtimal edilən 17 şübhəlini saxlamaq olub. Bu qrup Eritreyada hökuməti devirmək istəyən beynəlxalq şəbəkələşmiş təşkilat kimi tanınır.

Bu terrorçu qrupun Almaniyadakı qanadının azı üç ildir fəaliyyət göstərdiyi və Eritreya icmasının keçirdiyi tədbirlərdə dəfələrlə zorakılığa əl atdığı bildirilib. Almaniya Baş Prokurorluğu yerli polisə hücumların da onlar tərəfindən qanuni vasitə kimi qəbul edildiyini açıqlayıb.