BAKI, 25 mart. TELEQRAF

Rusiya Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə danışıqlar zamanı Vaşinqtondan "Qara dəniz təşəbbüsü"ndə qeyri-müəyyənlik yaratmamağı tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Birinci kanal"a müsahibəsində bildirib.

Lavrovun sözlərinə görə, Rusiya nümayəndə heyəti amerikalı həmkarlarına 2022-2023-cü illərdə qüvvədə olan əvvəlki taxıl müqaviləsinin şərtlərini xatırladıb. Həmin dövrdə Moskva Rusiya gübrələri və kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxışına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını tələb etsə də, BMT baş katibi sanksiyaların tam ləğvini deyil, yalnız onların “boşluqlarından istifadə etməyi” təklif edib.

"Ukraynanın keçmişini və Qara dənizdəki tarixi nəzərə alsaq, biz istərdik ki, bu dəfə heç bir qeyri-müəyyənlik olmasın", - deyə Lavrov vurğulayıb.

Bundan əvvəl Rusiya XİN başçısı bildirmişdi ki, "Qara dəniz təşəbbüsü"nün bərpası yalnız ABŞ-nin Ukrayna Prezidenti Volodimir Zelenskiyə birbaşa göstəriş verməsindən sonra mümkün olacaq. O, Kiyevlə birbaşa razılaşma təcrübəsini isə “acınacaqlı” adlandırıb.