BAKI, 11 mart. TELEQRAF
NATO baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampın qərarları səbəbindən qitədə təhlükəsizliklə bağlı narahatlıqların artmasına görə Avropa İttifaqını (Aİ) Türkiyə ilə əlaqələri dərinləşdirməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadla “Financial Times” bildirib.
Qeyd edilir ki, çağırış Brüsselin Aİ-nin müdafiə xərclərini böyük həcmdə artırması çərçivəsində Türkiyə və ittifaqa daxil olmayan digər qonşularla əməkdaşlığı gücləndirməyə çalışdığı bir vaxtda gəlib.
Nəşr xatırladır ki, xarici işlər naziri Hakan Fidan Ukraynaya dəstək və qitənin müdafiə məsələlərini müzakirə etmək üçün martın əvvəlində Avropanın hərbi güclərinin Londonda keçirilən toplantısına qatılıb.
“Fevralın əvvəlində Aİ liderləri ilə özəl naharda Rutte Türkiyə ilə əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb. Söhbətlə tanış olan üç nəfərin sözlərinə görə, NATO rəhbəri görüşdə Aİ liderlərini Ankara ilə əməkdaşlığa çağırıb. Ruttenin sözçüsü məsələ ilə bağlı şərh verməkdən imtina edib”, - məlumatda deyilir.
NATO baş katibi yanvarda Avropa Parlamentində çıxışı zamanı demişdi:
“Hesab edirəm ki, Aİ-yə daxil olmayan müttəfiqlərin ittifaqın müdafiə səylərinə cəlb edilməsi Avropanın təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir”.