BAKI, 18 sentyabr. TELEQRAF

Avropa Komissiyası (AK) Türkiyə plastik tullantıların emalı və artan hava çirklənməsi problemini həll etmədiyi təqdirdə, plastik tullantıların bu ölkəyə ixracını qadağan etmək imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.

“Əgər Türkiyə hakimiyyəti adekvat cavab verməsə və ya müvafiq tədbirlər görməsə, Avropa Komissiyası plastik tullantıların ixracının dayandırılması proseduruna başlaya bilər”, - AK-nın adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.

Qurum sözlərinə görə, Türkiyədə plastiklərlə düzgün davranılmaması ilə bağlı bir neçə hal müəyyən edilib və bu, ətraf mühitin çirklənməsi ilə bağlı ciddi problemlərə səbəb olub.

Bununla belə, Avropa İttifaqının icraedici orqanı sentyabrın 1-də Türkiyəyə tullantıların göndərilməsinin davam etdirilməsini təsdiqləyib.

Türkiyə Avropanın emal üçün göndərdiyi bütün plastik tullantıların üçdə birindən çoxunu qəbul edir. 2025-ci ildə ölkə Avropa İttifaqından təxminən 510 min ton plastik tullantı idxal edib.