BAKI, 17 sentyabr. TELEQRAF
“Dünya cəhənnəmə doğru yuvarlanır”.
Teleqraf xəbər verir ki, bunu Çexiya Baş naziri Andrey Babiş deyib.
“Dünyanın hazırda getdiyi yolun təhlükəsizliyə aparmadığını yüksək səslə deməkdən qorxmuram. Bu yol bizi birbaşa cəhənnəmin qapılarına aparır. Bu yol bizi Üçüncü Dünya müharibəsinə aparır”, - o bildirib.
Babişin sözlərinə görə, Avropa diqqətini sülh təşəbbüslərinə yönəltməlidir: “Müdafiə məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda demək olar, “sülh” sözünü eşitmirəm, əksinə, iştirakçıların diqqəti hərbi gücdən istifadəyə yönəlib”.
Çexiya hökumətinin başçısı qeyd edib ki, Avropa qlobal sabitliyin olmamasının əvəzini enerji qiymətlərinin artması, inflyasiya və sənayenin rəqabət qabiliyyətinin azalması ilə ödəyir:
“Mərkəzi Avropa dövlətləri öz enerji resursları ilə özlərini təmin edə bilmirlər və buna görə də mövcud enerji idxalı təchizatından imtina edilməsi onlara ciddi ziyan vurur”.