BAKI, 5 mart. TELEQRAF

ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri, raket kompleksləri və zirehli texnikalar üçün verdiyi sursatlar yaxın aylarda tükənə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Bildirilib ki, Vaşinqton hərbi yardımı bərpa etməsə, Ukrayna ciddi məğlubiyyət riski ilə üzləşə bilər.

Son baş verənlər fonunda Avropa ölkələri və Böyük Britaniya Ukraynaya dəstəyi artıracaqlarını bildirsələr də, onların müdafiə sənayesi ABŞ-nin təmin etdiyi həcmdə silah və sursat istehsal etmək gücündə deyil.

Pentaqonun nümayəndəsi isə daha əvvəl Ukraynaya silah tədarükünün dayandırıldığını təsdiqləyib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin məlumatına əsasən, 2022-ci ildən etibarən Ukraynaya ayrılan ümumi hərbi yardım 64 milyard dolları keçib.