
BAKI, 3 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya tərəfi ilə əlaqələrdən sonra Birləşmiş Millətlər Təşkilatında (BMT) Ukraynanı dəstəkləyən qətnamə ilə bağlı mövqeyini gözlənilmədən dəyişib.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
"Biz ABŞ ilə birlikdə, Ukraynanı dəstəkləyən qətnamənin həmmüəllifləri idik. ABŞ-nın gözlənilmədən mövqeyini dəyişməsi bizə təəccüblü oldu. Yeni administrasiya ilə biz Ukraynanı dəstəkləyən qətnamə layihəsi hazırlamışdıq. Amma onlar ruslarla görüşəndən sonra davranışları dəyişdi", - o qeyd edib.
Qeyd edək ki, fevralın 24-də BMT-nin Baş Assambleyasında Ukrayna böhranı ilə bağlı iki qətnamə üzrə səsvermə keçirilib. Bunlardan biri Kiyev hakimiyyətləri ilə birgə bir neçə avropa ölkəsi tərəfindən hazırlanıb və anti-Rusiya istiqamətində olub.
İkinci qətnamə isə ABŞ tərəfindən təklif edilib və neytral ifadələrlə yazılıb. Hər iki qətnamə Baş Assambleya tərəfindən qəbul edilib, lakin Avropa ölkələri səsvermə yolu ilə ABŞ tərəfindən hazırlanan sənədə anti-Rusiya ifadələri əlavə ediblər. Dəyişikliklərdən sonra ABŞ öz qətnaməsi ilə bağlı səsvermədə iştirakdan imtina edib.