BAKI, 28 fevral. TELEQRAF

ABŞ və Ukrayna arasında faydalı qazıntıların çıxarılmasına dair saziş sırf iqtisadi xarakter daşıya bilməz, çünki müharibə dövründə təhlükəsizlik zəmanəti lazımdır.

Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Əgər bu saziş ABŞ-nin Ukraynadakı iqtisadi maraqlarını gücləndirirsə və bu maraqlar Ukraynaya təhlükəsizlik zəmanəti verərsə, bu, çox yaxşı inkişafdır. Siz Ukraynada iqtisadi maraqlarınızı qorumalı və müdafiə etməlisiniz, amma bu, təhlükəsizlik zəmanətləri ilə birlikdə olmalıdır”, - Aİ nümayəndəsi bildirib.

Kallas qeyd edib ki, böyük Amerika şirkətləri Ukraynada həm müharibədən əvvəl, həm də indi işləyirlər, amma bu, ölkəni Rusiyanın tammiqyaslı işğalından xilas eləmədi:

“Belə fikirlər eşidirəm ki, iqtisadi razılaşma özlüyündə təhlükəsizliyin təminatıdır. Mən belə düşünmürəm. Amerika şirkətləri artıq Ukraynada fəal işləyirlər. Amma ölkə hələ də hər gün bombalanır. Ona görə də belə olmur.

Ukraynaya etibarlı təhlükəsizlik təminatları lazımdır. Ukrayna və Amerika arasında sazişlər o zaman uğurlu hesab edilə bilər ki, onlar daha geniş əməkdaşlıq üçün əsas olsun”.