BAKI, 26 iyun. TELEQRAF

Rusiyanın Tula vilayətinin Novomoskovsk şəhəri gecə boyu Ukraynanın dron hücumuna məruz qalıb. Hücum zamanı “Azot” zavodu və Novomoskovsk İstilik Elektrik Stansiyasına (İES) zərbələr endirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mediası Rusiya mənbələrinə istinadla məlumat yayıb.

Partlayış səsləri və dron uçuşları bir neçə saat davam edib. Hücumdan sonra yerli sakinlər havada ammonyak qoxusunun hiss olunduğunu və elektrik təchizatında problemlərin yarandığını bildiriblər.

Novomoskovskda baş vermiş ziyanı yerli hakimiyyət orqanları da təsdiqləyib.

“Tula vilayəti yenidən Ukraynaya məxsus dronların kütləvi hücumuna məruz qalıb. Hücum nəticəsində Novomoskovskda elektrik ötürücü xətlərə və sənaye müəssisəsinə ziyan dəyib”, - vilayətin qubernatoru Dmitri Milyayev bildirib.

Qeyd edilib ki, Novomoskovskdakı “Azot” zavodu Rusiyanın ən böyük ammonyak və azot gübrələri istehsalçısı, həmçinin istehsal olunan məhsulların növü və həcminə görə bu sahənin aparıcı müəssisələrindən biridir. Müəssisədə mineral gübrələr, ammonyak, üzvi plastiklər və qatranlar, xlor, kaustik soda, kalsium-xlorid, azot turşusu, arqon və metanol istehsal olunur.

Zavodda istehsal olunan sirkə və azot turşuları oktogen və heksogen partlayıcı maddələrinin hazırlanmasında istifadə edilir, həmin maddələr isə öz növbəsində artilleriya mərmilərinin istehsalında tətbiq olunur.

Bundan əlavə, dron hücumundan Novomoskovsk İES-də yanğın qeydə alıb. İES şəhərin yaşayış sektorunun təxminən 60 faizini, eləcə də sosial obyektləri istilik və isti su ilə təmin edir.

PUA-lar Moskvanı da hədəfə alıb. Rusiyanın paytaxtının meri Sergey Sobyanin bildirib ki, gecə ərzində Moskva və vilayət üzərində azı 47 dron vurulub.

Kerç şəhərində də partlayış səsləri eşidilib. Yerli sakinlər şəhərə hücum edildiyini deyiblər. Hava hücumundan müdafiə vasitələrinin (“Pantsir-S1” komplekslərinin) yerləşdiyi ərazi və aerodrom yaxınlığında yanğın qeydə alınıb.