BAKI, 26 iyun. TELEQRAF
“Rumıniyada rusiyayönlü “SOS Rumıniya” Partiyasının irəli sürdüyü Moldova ilə birləşmə haqqında qanun layihəsi Moskvanın agenti tərəfindən təklif olunub, məqsədi birləşmə ideyasını gözdən salmaqdır”.
Teleqraf xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.
Sandu Dianyu Şoşoasenin rəhbərlik etdiyi partiyanın təşəbbüsünün Moldova ilə Rumıniya arasındakı münasibətləri dəyişdirməyəcəyinə əminliyini bildirib:
“Bu, Moskvanın agenti tərəfindən təklif edilən sənəddir, məqsədi birləşmə ideyasını gözdən salmaqdır, başqa heç nə. Sanki sabah parlamentə Moldovanın Rumıniyaya birləşdirilməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə gələcəm. Birləşmə belə baş vermir, bütün bunları çox yaxşı başa düşürük”.
Sandu yaxın gələcəkdə Rumıniya ilə birləşməklə bağlı referendum keçirilməsi ssenarisini də rədd edib.
Qeyd edək ki, Rumıniya parlamentinin aşağı palatası ölkənin qonşu Moldova ilə vahid suveren dövlətdə birləşməsi haqqında qanun layihəsini təsdiqləyib. Qanun layihəsi “SOS Rumıniya” Ppartiyasının parlament fraksiyası tərəfindən təqdim edilib.
Qanun layihəsi “səssiz qəbul” proseduru çərçivəsində qəbul olunub, yəni müəyyən edilmiş müddət ərzində heç bir tədbir görülmədikdə, parlament palatalarından biri tərəfindən təsdiq edilmiş hesab olunur.
Sənəddə deyilir ki, Rumıniya parlamenti Rumıniyanın Moldova ilə birləşməsi haqqında qərarı qəbul edir və hökumətə Kişinyovla dərhal danışıqlara başlamaq səlahiyyəti verir.
Təklif Rumıniya Senatı tərəfindən nəzərdən keçirilməlidir.
Rumıniya hökuməti artıq bu sənədə mənfi rəy bildirib. 2023-cü ildə Rumıniya Senatı oxşar qanun layihəsini rədd etmişdi.