BAKI, 25 iyun. TELEQRAF

Fransadan müşahidə edilən rekord istilər səbəbindən xəstəxanalarda personal təminatını gücləndirmək və həssas əhali qruplarını qorumaq məqsədilə sağlamlıqla bağlı xəbərdarlıq səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş naziri Sebastian Lekornu açıqlama yayıb.

Səhiyyə naziri Stefani Rist bildirib ki, hazırda həddindən artıq istilərlə əlaqəli ölüm halları təkcə yaşlılar arasında deyil, həm də ürək dayanması keçirən gənclər arasında qeydə alınır.

Qeyd edək ki, İspaniya, Fransa və Böyük Britaniyada bir neçə gündür davam edən güclü isti hava dalğasının şərqə doğru hərəkət edəcəyi gözlənilir. Almaniya və Çexiya meteoroloqları isə ekstremal hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Almaniyada ölkənin qərb və cənub-qərb bölgələrində havanın temperaturunun 40 dərəcəyədək yüksələ biləcəyi proqnozlaşdırılır. Cümə günü isə yüksək temperaturun ölkənin digər ərazilərini də əhatə edəcəyi gözlənilir.

Çexiyanın böyük hissəsində ekstremal hava şəraiti ilə bağlı xəbərdarlıq qüvvəyə minib.