BAKI, 26 iyun. TELEQRAF

“NATO ölkələri müdafiə-sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədir, iyulun 7-8-də Ankara sammitində bu istiqamətdə milyardlarla dollar dəyərində sazişlərin elan ediləcəyi gözlənilir”.

Teleqraf xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

Rutte bildirib ki, bu sammit Rusiya Prezidenti Vladimir Putinə alyansın ona qarşı yönələn istənilən ağılsız addıma cavab verməyə hazır olduğu barədə güclü siqnal olacaq: “Putin öhdəliklərdən qorxmur, bizim bu öhdəlikləri yerinə yetirməyimizdən qorxur. Biz də məhz bunu edirik, Vladimir. Biz özümüzü müdafiə edəcəyik”.

Mark Rutte NATO-nun müdafiə sənayesi sahəsindəki üstünlüyünü də vurğulayıb: “Bu, ruslara siqnaldır: biz sizin nə etdiyinizi bilirik və bu sahədə sizdən daha güclüyük”.

NATO rəhbərinin sözlərinə görə, alyansa üzv ölkələr sammitdə müdafiə xərcləri ilə bağlı götürdükləri öhdəliklərə sadiq olduqlarını bir daha təsdiqləyəcəklər.

“Sammitin ilk günündə müdafiə sənayesinə həsr olunmuş geniş tədbir keçiriləcək. Çoxlu sayda yeni müqavilələrin, niyyət protokollarının, eləcə də irihəcmli sazişlərin imzalandığını görəcəksiniz”.

Rutte vurğulayıb ki, bu addımlar Şimali Atlantika Alyansının qətiyyətini həm öz vətəndaşlarına, həm də Rusiyaya nümayiş etdirməlidir.

O əlavə edib ki, NATO ölkələri sammit zamanı Ukraynaya dəstəklərini bir daha təsdiqləyəcəklər: “Təhlükəsizliyimiz bir-biri ilə sıx bağlıdır. Ukrayna göstərdi ki, Rusiyanın təcavüzü bizi dayandıra bilməz”.