BAKI, 27 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun məhkəmə tərəfindən sərt cəzalandırılacağına ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Ümid edirəm ki, onunla sərt davranacaqlar", - deyə ABŞ lideri yazıb.
Tramp paylaşımında Boltonu "ağılsız, qeyri-sabit və səriştəsiz" adlandıraraq onun müharibələri təşviq etdiyini və müxtəlif bölgələrdə gərginliyin artmasına səbəb olduğunu iddia edib.
Məlumata görə, Con Bolton Vaşinqton yaxınlığında keçirilən məhkəmə iclasında məxfi məlumatlarla düzgün davranmamaq ittihamı üzrə təqsirini etiraf edib. O, istintaqla əldə olunan razılaşma çərçivəsində irəli sürülən ittihamlardan biri ilə razılaşıb və 2 milyon dollardan çox cərimə ödəməyi qəbul edib.
Boltona hökm oktyabrın 28-də elan ediləcək. Onu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Xatırladaq ki, ABŞ Federal Təhqiqat Bürosu (FTB) ötən il Con Boltonun Vaşinqtondakı ofisində apardığı axtarış zamanı kütləvi qırğın silahları, ABŞ-nin BMT-dəki daimi nümayəndəliyi və hökumətin strateji kommunikasiyalarına aid məxfi sənədlər aşkar etmişdi.
Qeyd edək ki, Con Bolton ABŞ siyasətində sərt mövqeli "şahinlərdən" biri kimi tanınır. O, 2018-2019-cu illərdə Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb, lakin tərəflər arasında ciddi fikir ayrılıqları yarandıqdan sonra vəzifəsindən uzaqlaşdırılıb.